ABŞ Prezidenti Donald Tramp şənbə günü səhər saatlarında Hörmüz boğazı ətrafında yenidən alovlanan böhranı və İranla danışıqları müzakirə etmək üçün Ağ Evdə operativ müşavirə keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
İranla bağlı vəziyyət kritik həddə çatıb; belə ki, atəşkəs razılaşmasının müddətinin üç gündən sonra başa çatacağı gözlənilir, ABŞ və İran nümayəndələri arasında yeni görüşün dəqiq tarixi isə hələ də müəyyənləşməyib.
Rəsmi Tehranın boğazın yenidən bağlanacağı və su yolu ilə hərəkət edən bir neçə gəmiyə çoxsaylı hücumlar edildiyi barədə şənbə günü verdiyi bəyanat, Trampın müharibəni dayandırmaq üçün “bir-iki günə” razılıq əldə oluna biləcəyi ilə bağlı açıqlamasından cəmi 24 saat sonraya təsadüf edib.
ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, yaxın vaxtlarda irəliləyiş qeydə alınmasa, hərbi əməliyyatlar yaxın günlərdə bərpa oluna bilər. Məlumata görə, Operativ Mərkəzdə baş tutan görüşdə İranla danışıqların növbəti mərhələsində iştirakı gözlənilən vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və maliyyə naziri Skott Bessent iştirak ediblər. Həmçinin iclasa Ağ Evin aparat rəhbəri Syuzi Uayls, Ağ Ev nümayəndəsi Stiv Uitkof, MKİ direktoru Con Ratkliff və Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn də qatılıblar.
Hüseyn İbadlı
