Santyaqo Ximenesin “Milan”dakı macərası başa çatıb. Meksikalı hücumçu üçün bir il yarımlıq bu dövr azsaylı uğurlar və çoxsaylı eniş-yoxuşlarla yadda qalıb. İndi isə o, karyerasını Portuqaliyada, Fariolinin rəhbərlik etdiyi “Porto”da davam etdirəcək.
BEY.AZ xəbər verir ki, bu, Meksika millisinin futbolçusu üçün özünü yenidən yüksək səviyyədə göstərmək və “Feyenoord”da heyranlıq doğuran məhsuldar hücumçu obrazına qayıtmaq baxımından yaxşı fürsətdir.
Kristian “Çako” Ximenes oğlu Santyaqonun “Porto”ya icarəyə verilməsi ilə bağlı belə danışıb:
“Bu proses kifayət qədər uzandı və xoşbəxtlikdən yaxşı nəticələndi. Gözlədiyimizdən daha çox vaxt apardı. “Porto” ilə artıq 20 gündür danışıqlar aparırdıq. Onlar bizimlə əlaqə saxlayan ilk klublardan biri idi. Daha sonra “Milan”ın Santi ilə bağlı qəbul etdiyi bəzi qərarlar oldu. Buna əsasən, əgər özünə klub tapa bilməsəydi, altı ay futbol oynamadan qalacaqdı və bu da onu getdikcə daha çıxılmaz vəziyyətə salırdı. Transfer pəncərəsinin bağlanmasına az vaxt qaldıqca vəziyyət daha da mürəkkəbləşirdi”.
Ximenesin atası “Porto”nu seçmələrinin səbəblərini belə izah edib:
“Santi çox düşünərək hərəkət edən oğlandır. Biz yalnız klubların adına baxmırıq. Baş məşqçiyə, komandanın necə oynadığına, hansı hücum variantlarına malik olduğuna, nələr yarada bildiyinə, Çempionlar Liqasında iştirak edib-etmədiyinə və orada necə çıxış etdiyinə də baxırıq. Başqa komandaya transfer qərarına təsir edən çoxlu amil var və əslində biz hadisələri baş verdiyi kimi qəbul etdik.
“Milan”ın böyük fürsət olacağını düşünürdük. Çünki Santi “Milan”ı izləyərək böyüməklə yanaşı, kluba gəldikdən sonra digər komandaları nəzərdən çıxardı və Milana getdi. Həqiqət budur ki, mənim üçün “Porto” yaxşı irəliyə doğru addımdır. Bu, öz ölkəsinin liqasında mübarizə aparacaq, çempionluq uğrunda yarışacaq və Çempionlar Liqasında oynayacaq komandadır. Üstəlik, açığı, çox yaxşı heyəti var”.
Daha sonra Santyaqonun “Milan”dakı son aylarından danışan Kristian Ximenes deyib:
“Oynadığı zaman doqquz matçda meydana çıxdı. Həmin doqquz oyunda zədəsinə baxmayaraq oynamağa davam etdi və əsas heyətdə olduğu üçün dayanmaq istəmirdi. Santi heç bir dərman qəbul etmir, oynamaq üçün hətta Dosul da qəbul edirdi (red. – antidepressant), çünki başqa seçimi yox idi və digər hücumçular zədəli idi.
Bəlkə də dünyanın bilmədiyi şeylər var, amma mən bilirəm. Performans baxımından hər şey yaxşı getməmiş və ya səmərəli olmamış ola bilər. Lakin zədədən əvvəl keçirdiyi ilk doqquz oyunda əslində əsas heyətdə yer alırdı. O, zədədən qayıtdıqdan sonra komanda birinci pillədən beşinci yerə düşərək çox ciddi geriləmə yaşadı.
Bu, inkişaf prosesinin bir hissəsidir, dünyanın sonu deyil. Onun 25 yaşı var, karyerasında 99 qol vurub. Çempionlar Liqasında keçirdiyi 12 oyunda isə səkkiz qol və iki məhsuldar ötürmə edib”.
