Oman sahilləri yaxınlığında üzən tankerlərdən birində partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
Hadisə paytaxt Maskatdan təxminən 111 km şərqdə baş verib. Gəminin kapitanı partlayışın gövdənin sol tərəfində, su xəttinə yaxın hissədə meydana gəldiyini bildirib. Hazırda gəmi və heyət üçün təhlükə yoxdur, lakin hadisə nəticəsində bir miqdar yanacaq dənizə axıb.
Faktla bağlı araşdırmalara başlanılıb. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət müşahidə etdikdə məlumat verməyi tövsiyə edib.
Qeyd edək ki, son dövrlərdə bölgədə neft tankerlərinə qarşı oxşar hücumlar tez-tez baş verir. Mayın 13-də Birləşmiş Ərəb Əmirliklərinə məxsus “MV Barakah” tankerinin İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması, həmçinin Hörmüz boğazında ABŞ və Çinə aid tankerlərin müxtəlif insidentlərlə üzləşməsi bölgədəki gərginliyi artırıb.
Hüseyn İbadlı
