Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan Mqer Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
2024-cü ildən bəri xaricdə yaşayan M.Mirzoyanın və azı dörd nəfərdən ibarət qrupun Ermənistan Baş nazirini siyasi və ictimai fəaliyyəti ilə əlaqədar öldürmək niyyəti ilə qeyri-müəyyən vəsait əldə etdiyi və cinayətə hazırlıq apardığı barədə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilir ki, onlar qoruyucu geyim və maska taxaraq Paşinyana ünvanlanan təhdidləri ehtiva edən videomüraciət hazırlayıblar və yayıblar. Bundan əlavə, onlar seçkiöncəsi təşviqata da mane olublar.
M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 43-155-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 8-ci bəndləri (bir qrup şəxs tərəfindən dövlət və ya siyasi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qətlə hazırlıq), həmçinin 211-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 5-ci bəndləri (bir qrup şəxs tərəfindən digər vasitələrlə təşviqata mane olma) ilə ictimai cinayət təqibi başlanıb.
Daha əvvəl bildirilib ki, ilkin istintaq zamanı Ermənistanın Baş nazirinə qarşı sui-qəsd planında iştirak edən şəxslərdən birinin şəxsiyyəti müəyyən edilib. (Axar.az)
