Dünyanın aparıcı tennisçiləri mükafat məbləğinin yetərli olmadığını düşündükləri üçün “Uimbldon”da etiraz planlaşdırırlar.
BEY.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
2026-cı il “Rolan Qarros” turnirində bəzi oyunçular turnir öncəsi media ilə ünsiyyət müddətini 15 dəqiqə ilə məhdudlaşdırdılar. “Uimbldon” turnirində isə oyunçular daha da irəli gedərək oyunun ilk həftəsində oyundan sonrakı çıxışları 15 dəqiqə ilə məhdudlaşdırmağı planlaşdırırlar.
15 dəqiqəlik limit bir səbəbdən seçilib: oyunçuların fikrincə, bu, “Böyük Dəbilqə” turnirlərində gəlirin mükafat kimi ayrılan təxminən 15%-ni simvolizə edir.
Oyunçular mükafat məbləğini turnir gəlirləri ilə əlaqələndirməklə yanaşı, sosial təminat fonduna ianələr və yarışların idarə olunmasında daha çox təsir tələb edirlər. Onlar deyirlər ki, bu iki məsələ ilə bağlı “Uimbldon”dan heç bir “əsaslı cavab” almayıblar.
Xatırladaq ki, dünyanın aparıcı tennisçiləri ABŞ Açıq Çempionatında qarışıq cütlük turnirini boykot etməyi düşünürlər.
