EvXəbərlərQubada aqrar inkişafla bağlı regional müşavirə keçirildi

Qubada aqrar inkişafla bağlı regional müşavirə keçirildi

Published on

spot_img

İyunun 16-da Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
BEY.AZ xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Qubada keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb, həmçinin yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsini və özünütəminetmə səviyyəsinin artırılmasını zəruri edir. Prezident köməkçisi vurğulayıb ki, yeni Dövlət Proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri üzrə müəyyən edilmiş hədəflərdən bəhs edərək, suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli idarə olunmasının və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O, regionlarda həyata keçirilən su təsərrüfatı layihələri, suvarma infrastrukturunun modernləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Agentlik sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində su resurslarından daha səmərəli istifadə, su itkilərinin azaldılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması əsas prioritetlərdəndir.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və Dövlət Proqramından irəli gələn vəzifələr barədə məlumat verib. O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərindən biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov Dövlət Proqramının icrası məqsədilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahəyə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya mühitinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatı məhsullarının istehsal və emal imkanlarının genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Çıxış edənlər proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib.
Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib. O, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.

Latest articles

More like this