Keçmiş futbol ulduzu Robinyo oğlu Robson ilə “Santos”un aparıcı futbolçusu Neymar arasında baş verən münaqişədən xəbər tutub.
Publika.az xəbər verir ki, bu barədə “UOL Esporte” məlumat yayıb.
Hazırda həbsdə olan və qrup halında zorlamaya görə 9 il azadlıqdan məhrum edilmiş sabiq futbolçuya bu insident barədə vəkilləri məlumat veriblər. Robinyo baş verən hadisədən və Braziliya klubunun kapitanının davranışından narazı qalıb.
Xatırladaq ki, Robson ilə Neymar arasında gərginlik kapitanın hörmətsizlik hiss etməsi səbəbindən yaranıb. Bu, 18 yaşlı futbolçunun onu driblinqlə keçməsindən sonra baş verib.
Braziliyalı ulduz əsəbiləşib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Şahidlərin sözlərinə görə, Neymar əvvəlcə Robinyonun oğluna sillə vurub, daha sonra isə ayağına ilişərək onu yıxıb. Bundan sonra Neymar gənc komanda yoldaşından üzr istəyib.
Robinyo isə hesab edir ki, bu vəziyyətdə üzr kifayət deyil və məsələnin sona qədər araşdırılmasını istəyir.
Qeyd olunur ki, sabiq futbolçunun oğlu bu insidentə görə “Santos”la müqaviləsini ləğv edə bilər. Sağ cinah hücumçusunun Braziliya klubu ilə hazırkı sözləşməsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Xatırladaq ki, Robinyonun oğlu 2025-ci ilin yayında “Santos”un əsas komandasına qoşulub və bu müddətdə 23 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

