Səudiyyə Ərəbistanı Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsində İsraili marşrutdan çıxararaq onun əvəzinə Suriyanı daxil etməyi nəzərdən keçirir.
BEY.AZ xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hindistandan başlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən Şərqi Aralıq dənizinə çıxışı nəzərdə tutan IMEC layihəsi üçün Ər-Riyad alternativ marşrutlar üzərində işləyir.
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması prosesinin dayanması fonunda krallıq İsraili layihədən kənarda saxlayaraq dəhlizi Suriya üzərindən keçirməyi nəzərdən keçirir.
Mənbələrin sözlərinə görə, əsas variant dəmir yolu xəttinin Suriya ərazisindən keçərək Şərqi Aralıq dənizinə çatdırılmasıdır.
Qeyd olunur ki, ABŞ bu layihədə İsrailin rolunu iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından mühüm hesab edirdi. Nəşrin yazdığına görə, layihənin elanından sonra regiondakı geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün Səudiyyə rəsmiləri İsraili marşrutdan çıxaracaq alternativləri fəal şəkildə qiymətləndirirlər.
Bundan başqa, Bab əl-Məndəb və Hörmüz boğazlarında müşahidə olunan qeyri-sabitliyin də Ər-Riyadın yeni regional əməkdaşlıq formatları axtarmasını sürətləndirdiyi bildirilir.
Nəşr yazıb ki, marşrutun bu şəkildə dəyişdirilməsi İsrail üçün ciddi strateji itki hesab olunur.
Akqabay
