Sakit okeanın Havay adaları yaxınlığındakı akvatoriyasında ABŞ Hərbi Dəniz Qüvvələrinin himayəsi altında təşkil olunan irimiqyaslı “RIMPAC 2026” beynəlxalq dəniz manevrləri başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Ayın sonuna qədər davam edəcək təlimdə 30 dövlətin donanma nümayəndələri iştirak edir. Ümumi qruplaşmaya 31 suüstü gəmi, 5 sualtı qayıq, iki yüzə yaxın uçuş aparatı və dəniz piyadaları bölmələri də daxil olmaqla, təxminən 30 min nəfər şəxsi heyət daxildir.
Təlimlərin rəhbəri vitse-admiral Ceffri Cablon dəqiqləşdirib ki, hazırlıq proqramına hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı mübarizə tədbirlərinin, desant əməliyyatlarının, sahilin minalardan təmizlənməsi tədbirlərinin işlənməsi, həmçinin insanların axtarışı və xilas edilməsi, fəlakət zonalarında humanitar dəstəyin göstərilməsi tapşırıqları daxildir. Bundan əlavə, pilotsuz texnologiyaların tətbiqi ilə 30-dan çox eksperimentin keçirilməsi planlaşdırılır.
Vitse-admiral ABŞ-ın yaranmasının 250 illiyinə təsadüf edən builki təlimlərin rəmzi mənasını vurğulayıb. O qeyd edib ki, “RIMPAC” iki yarım əsr ərzində etibar və ortaq maraqlar prinsipləri üzərində qurulan tərəfdaşlar və müttəfiqlərlə əlaqələri gücləndirmək üçün bir platforma kimi xidmət edir.
ABŞ tərəfindən təlimlərdə “USS Theodore Roosevelt” aviadaşıyıcısı, həmçinin “USS Paul Hamilton”, “USS Decatur”, “USS Wayne E. Meyer” və “USS Carl M. Levin” raket esminesləri iştirak edir.
Hüseyn İbadlı
