EvXəbərlərŞəhidlərimizin xatirəsini bu cür yaşatmamalıyıq

Şəhidlərimizin xatirəsini bu cür yaşatmamalıyıq

Published on

spot_img

Biz şəhid övladlarımızın xatirəsini belə yaşatmamalıyıq. Bəzi insanlar elə bilir ki, şəhidlərin adını daşların üzərinə yazmaqla guya onların adlarını əbədiləşdirəcəklər. Xeyr, bu əsla belə deyil.
BEY.AZ xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova Azərtac-a açıqlamasında Şuşada daş və qayaların üzərinə şəhid adlarının boya ilə yazılmasına münasibət bildirib.
T.Abduləlimova deyib ki, şəhidlərin xatirəsinin yaşadılması hər bir vətəndaş üçün mənəvi məsuliyyətdir. Lakin bu məsuliyyət tarixi və təbii məkanlara müdaxilə etməklə deyil, şəhidlərin həyat və döyüş yolunun öyrədilməsi, adlarının layiqli memorial məkanlarda əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması ilə həyata keçirilməlidir.
“Qarabağımızı azad edən uşaqların adları daşların üstündə boya ilə yazılır. O boyalar həm estetik baxımdan pis görünür, həm də hər kəsin ayağı altında olan yerlərdə yazılan adlar şəhidlərimizin xatirəsinə hörmətsizlikdir. Biz şəhidlərimizin xatirəsini bu cür yaşatmamalıyıq”, – deyə şəhid anası vurğulayıb. O diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərə səfər edən hər bir şəxs həmin torpaqların tarixi əhəmiyyətini nəzərə almalı, ətraf mühitə, tarixi abidələrə və memorial məkanlara hörmətlə yanaşmalıdır. Şuşa kimi dünya əhəmiyyətli tarixi şəhərdə daş, qaya, divar və digər səthlərə müxtəlif yazıların yazılması ictimai məsuliyyət baxımından da yolverilməzdir.
Şəhid anası, həmçinin Qarabağın azadlığının yalnız ayrı-ayrı şəxslərin adı ilə əlaqələndirilməsinin düzgün olmadığını söyləyib. O qeyd edib ki, bu Zəfərin arxasında Birinci Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş şəxslərin, qazilərin və veteranların, müxtəlif vaxtlarda keçirilən hərbi əməliyyatlarda, eləcə də Aprel və Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş hərbçilərin mübarizəsi dayanır.

T.Abduləlimova vurğulayıb ki, şəhidlərin xatirəsinə ehtiram göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Vətən uğrunda canından keçənlərin adlarını yaşatmaqla yanaşı, azad edilən torpaqların tarixi simasını qorumaq da cəmiyyətin üzərinə düşən mühüm məsuliyyətdir. Şuşa kimi tarixi şəhərdə hər bir vətəndaş bu məsuliyyəti dərk etməli, şəhərin daşına, divarına, tarixi abidəsinə və təbiətinə hörmətlə yanaşmalıdır.
O qeyd edib ki, şəhidlərin xatirəsini yaşatmağın ən böyük yolu onların adlarını təsadüfi daşlara yazmaq deyil, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq və uğrunda can verdikləri torpağın tarixi-mədəni irsini qorumaqdır: “Qarabağın hər daşı bizə bir tarix danışır. Bizim borcumuz həmin tarixə boya ilə adlar yazmaq deyil, onu qoruyub gələcək nəsillərə çatdırmaqdır”.

Latest articles

More like this