EvXəbərlərTrampın “Canavar” limuzinləri Ankarada - Foto

Trampın “Canavar” limuzinləri Ankarada – Foto

Published on

spot_img

ABŞ Prezidenti Donald Trampın istifadə etdiyi məşhur zirehli prezident limuzinləri – “The Beast” (“Canavar”) Türkiyənin paytaxtı Ankarada görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolarda avtomobillərin şəhərdəki Petrol Ofisi yanacaqdoldurma məntəqəsində yanacaq aldığı görünür. Bu görüntülər Trampın 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfəri ərəfəsində qeydə alınıb.
BEY.AZ bildirir ki, bu, ABŞ prezidentinin 2015-ci ildən sonra Türkiyəyə ilk rəsmi səfəri olacaq. Ağ Evin nümayəndə heyətinin sayının 1000–1400 nəfər arasında olacağı bildirilir. Səfər çərçivəsində Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri planlaşdırılır.
Sammit çərçivəsində Trampın Ankaranın simvollarından sayılan Anıtqəbiri – Mustafa Kamal Atatürkün məqbərəsini də ziyarət edəcəyi gözlənilir. ABŞ və Türkiyə rəsmilərinin gündəliyində ikitərəfli münasibətlər, müdafiə sənayesi əməkdaşlığı, F-35 proqramı, F-110 mühərriklərinin satışı, Türkiyənin milli KAAN qırıcısı layihəsi və regional təhlükəsizlik məsələlərinin əsas yer tutacağı bildirilir.
Ankarada keçiriləcək NATO Sammiti alyans üçün son illərin ən mühüm toplantılarından biri hesab olunur. Sammitdə NATO-nun 32 üzv dövlətinin liderləri bir araya gələcək. Əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, Avropanın təhlükəsizlik məsuliyyətinin genişləndirilməsi, Ukraynaya uzunmüddətli hərbi dəstək, müdafiə sənayesində istehsalın artırılması və Rusiyaya qarşı kollektiv təhlükəsizlik strategiyası olacaq. NATO sammiti çərçivəsində ayrıca Müdafiə Sənayesi Forumu da keçiriləcək.
Reuters-in əldə etdiyi sammit bəyannaməsi layihəsinə əsasən, liderlər Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə – “bir üzvə hücum hamıya hücumdur” prinsipinə sadiqliklərini bir daha təsdiqləyəcəklər. Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyi üçün uzunmüddətli təhdid olduğu vurğulanır, eyni zamanda Ukraynaya 2026-cı ildə 70 milyard avro həcmində hərbi dəstək öhdəliyi də əksini tapır.

Türkiyə hökuməti sammit ərəfəsində Ankarada görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Minlərlə polis və xüsusi təyinatlı qüvvə səfərbər olunub, hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib, şəhərin bir sıra hissələrində nəqliyyat hərəkətinə və kütləvi tədbirlərə məhdudiyyətlər tətbiq edilib. NATO liderlərinin qarşılanması üçün xüsusi VIP infrastruktur da istifadəyə verilib.
Donald Tramp son günlər NATO müttəfiqlərinin müdafiə yükünü ABŞ-la kifayət qədər bölüşmədiyini bildirib və Avropa ölkələrinin daha çox məsuliyyət götürməsinin vacibliyini vurğulayıb. Bununla belə, Ankara sammitində ABŞ prezidentinin NATO-nun kollektiv müdafiə prinsipinə sadiqliyini bir daha təsdiqləyəcəyi gözlənilir. (Musavat.com)

Latest articles

More like this