Türkiyənin Meteorologiya Baş İdarəsinin Qurban bayramı günlərində güclü yağıntılarla bağlı xəbərdarlığı fonunda ölkənin bir çox yaşayış məntəqələrində su basması, sel axınları və torpaq sürüşmələri qeydə alınıb.
BEY.AZ xəbər verir ki, güclü yağışlar Osmaniyə əyalətinin Düziçi rayonunun mərkəzi küçələrini və məhəllələri “göllərə” çevirib. Yollarda böyük çatlar əmələ gəlib, kənd təsərrüfatına ciddi ziyan dəyib.
Osmaniyədəki Bahçe bölgəsində sürüşmə bir neçə yük maşınına zərər vurub.
Ordu əyalətinin Bolaman bölgəsində sel avtomobil körpüsünü dağıdıb, sürücülər başqa yollardan istifadə etmək məcburiyyətində qalıblar.
Bursa əyalətində güclü yağışlar selə səbəb olub.
Leysan yağışları Rizə əyalətində fəsadlar törədib, burada Gülbahar rayonunda kanalizasiya sistemləri suyun təzyiqinə tab gətirə bilməyib, bir çox küçəni su baxıb.
Qaziantep əyalətində son 70 ildə ən yüksək yağıntı qeydə alınıb. Hasanlek və Kayabaşı bölgələrində çaylar daşıb, evləri və bağ sahələrini su basıb.
Oxşar vəziyyət Hatay əyalətinin Hassa və Dertiol bölgələrində də yaranıb.
Samsun və Sivas əyalətlərindən dolu düşməsi barədə məlumatlar daxil olub. (Azərtac)
