Muğlanın Fethiye rayonunun bələdiyyə sədri Alim Karaca silahlı hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.
Bildirilib ki, hadisə Fethiyenin Babataşı məhəlləsindəki Karayolları adlanan ərazidə baş verib. İlkin məlumatlara görə, bələdiyyə sədrinə hələlik məlum olmayan səbəbdən atəş açılıb.
Hücum zamanı ayağından xəsarət alan Karacaya ilkin tibbi yardım hadisə yerində göstərilib, daha sonra o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Fethiye rayonunun icra başçısı (kaymakam) Fatih Akkaya xəstəxanaya gələrək bələdiyyə sədrinin səhhəti ilə maraqlanıb. Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Akkaya, “Sədrin səhhəti yaxşıdır. Həkimlər lazımi müalicəni edirlər. Hücum edən və ya edənlərin tutulması istiqamətində işlərimiz davam edir”, – deyə bildirib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Hücumun səbəbləri və şübhəli şəxslərin müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam edir.
Hüseyn İbadlı
