Budapeşt metropoliteninin xəttlərindən birində sərnişinlər stansiyada yaralı çöl donuzunun peyda olması səbəbindən təxliyə ediliblər.
BEY.AZ xəbər verir ki, bu barədə Macarıstanın “Portfolio” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, əvvəlcə 60 kiloqramlıq heyvan ölkə parlamentinin qarşısındakı metro stansiyasının yaxınlığındakı çörək bişirmə sexlərinin birində görülüb. Sonra çöl donuzu işləməyən eskalatorlardan biri ilə “Layoş Koşut Meydanı” stansiyasının platformasına düşüb. Nəqliyyat polisinin əməkdaşı onu görüb və stansiyaya daxil olan qatarın maşinistinə məlumat verib. Bundan sonra təhlükəsizlik məqsədilə platformadakı sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Çöl donuzu qısa müddətliyə vaqonlardan birinə daxil olub, lakin bu zaman sərnişinlər xəsarət almayıblar.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Bundan sonra heyvan qatarı tərk edib, xidməti pilləkənlə relslərə düşüb, relslərin arasından sürünərək qatarın altına girib. Bu vaxt sərnişinlər təxliyə edilib, stansiya isə mühasirəyə alınıb. Çöl donuzu təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması xidmətinin əməkdaşları tərəfindən tutulub. Hadisə yerinə gələn baytar heyvanın yaralandığını müəyyənləşdirib.
Hüseyn İbadlı
