Yaya qədər dolların məzənnəsi 80–82 rubl, avro 93–95 rubl, yuan isə 12 rubl təşkil edəcək.
Publika.az xəbər verir ki, “Garda Capital”ın investisiya strateqi Aleksandr Baxtin Gazeta.ru-ya müsahibəsində bu proqnozu verib.
Ekspertin fikrincə, yayda xarici valyutaların məzənnələri yenidən yüksələ bilər. O qeyd edib ki, İran böhranı tənzimləndikdən sonra “Brent” markalı neftin qiymətinin barrel başına 80 dollar və ya daha aşağı səviyyəyə qədər normallaşması ehtimalı olduqca yüksəkdir. Həmçinin, Rusiya Maliyyə Nazirliyinin iyulun 1-dən etibarən valyuta bazarındakı əməliyyatlara qayıtması gözlənilir.
Baxtin əlavə edib ki, yay aylarında rusiyalıların xaricə səfərləri ilə əlaqədar valyutaya tələbatı adətən artır, üçüncü rübdə isə idxal daha da aktivləşə bilər. Bundan başqa, yayda uçot dərəcəsinin 14%-dən aşağı düşəcəyi ehtimal olunur.
“Investing.com”un məlumatına görə, aprelin 17-də birjadan kənar bazarda dollar 75,4 rubldan, avro isə 88,9 rubldan yuxarı qiymətləndirilib. Moskva birjasında yuanın məzənnəsi 11 rubldan çox olub. 2026-cı ilin əvvəlindən rubl əsas xarici valyutalara qarşı nəzərəçarpacaq dərəcədə möhkəmlənib: dollar təxminən 6–8%, avro isə 3–4% ucuzlaşıb. Yuanın rubla qarşı məzənnəsində isə ciddi dəyişiklik baş verməyib.
Hüseyn İbadlı
