Qadın dünyası

Elan… – hekayə

Elan…                                       Meyxoş Abdullah

( hekayə)

 

İlgili Makaleler

O, işdən evinə dönürdü. Qonşu binanın həyətindən keçəndə, gözünə divardan asılmış bir  elan sataşdı.

Elanlar insanın diqqətini həmişə özünə cəlb edir. Axı, orada bir-birindən maraqlı nə isə yazırlar. Kimisi ev satır, kimisi mənzil axtarır, kimisi də, evində lazım olmayan köhnə əşyaların satışını elan verir.

Ayaq saxlayıb elanı oxudu. Elanda yazılmışdı:

– “Mən qoca və xəstə bir qadınam. Bu gün səhər pensiyamı alıb evə qayıdanda, 20 manat pulumu salıb itirmişəm. Xahiş edirəm, kim o pulu tapsa, bu binanın 2-ci mərtəbəsindəki 14-cü mənzilə gətirsin. Minnətdar olaram”.

Elanı oxuyandan sonra, onun gözləri doldu. Əlini cibinə saldı. 40 manat pulu var idi. Qərara gəldi ki, puldan 20 manat götürüb, xəstə qadına versin. Dərhal elanda yazılan mənzilə qalxıb, qapını astaca döydü.

Yaşlı bir qadın qapıda göründü. Qadının sifəti solğun və kədərli idi. O susaraq  qapıda dayanan cavan oğlana baxırdı.

– Nənəcan, elanı oxudum. İtirdiyiniz 20 manatı gətirmişəm. O pulu bu gün küçədən keçəndə tapmışam, – deyə cavan oğlan əlindəki pulu yaşlı qadına uzatdı.

Qadın pulu alanda, gözləri yaşardı. Bir müddət oğlanın üzünə baxaraq susdu. Yaşlı qadın udqunaraq nə isə demək istəyirdi.

Gənc elə zənn etdi ki, pulu tapdığı üçün qoca ona təşəkkür etmək istəyir.  Amma qoca nənədən eşitdiyi sözlər onu heyrətə gətirdi:

– Oğul, bu gün səninlə dördüncü cavan oğlandı ki,  itirdiyim 20 manat pulu tapıb mənə gətirir… Sizin bu xeyirxahlığınız mən qoca və xəstə qadını yaman utandırır…

… Qadın bu sözləri deyərkən göz yaşlarını saxlaya bilmədi.

 

 

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu