Xəbərlər

Tolerantlığın Azərbaycan modeli: Ölkəmiz dünyada multikulturalizm nümunəsidir



Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik.

Bu mövzuda bey.az-a açıqlama verən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonrakı dövrdə ölkədə tarixən formalaşmış olan milli və dini həmrəylik harmoniyasının qorunub saxlanılması istiqamətində məqsədyönlü addımlar atmışdır. Müsahibimiz vurğuladı ki, bir çox digər ölkələrdən xüsusən, qonşu Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikasında digər millətlərin, xalqların, etnik qrupların, dini azlıqların, digər dinlərin nümayəndələrinə hörmətlə yanaşılmış, Azərbaycanda ksenofobiya meyilləri müşahidə edilməmiş və dövlətin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu istiqamətdə pozucu fəaliyyətlə məşğul olmaq istəyən, Azərbaycanda daxili harmoniyanı, millətlərarası xalqlararası, dinlərarası harmonik münasibətləri pozmaq istəyən ünsürlərin qarşısı da qətiyyətlə alınmışdır.


“Bildiyiniz kimi, bu gün Ermənistan monomillli, monoetnik bir dövlətdir. Eyni dövrdə biz Azərbaycanı Ermənistanla müqayisə etsək, görərik ki, Ermənistanda digər etnik qrupların, digər dinlərin nümayəndələri sıxışdırılır. Heç də təsadüfi deyil ki, Ermənistan bir çox araşdırma mərkəzlərinin tədqiqatlarına görə, Şərqi Avropa regionunda antisemitizmin, yəhudi nifrətinin ən yüksək səviyyədə olduğu ölkələr sırasındadır. İyirminci əsrin səksən-doxsanıncı illərində Ermənistanda bu ərazinin tarixi sahibləri olan azərbaycanlılara qarşı yürüdülən siyasət də artıq bütün dünyaya bəlli olan məsələdir. Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda mövcud olan müxtəlif qruplar arasında, xüsusən dini qruplar arasındakı həmrəylik Azərbaycan xalqının tarixi ənənələrindən gəlməkdədir”.

Elnur Kəlbizadə qeyd etdi ki, 2016-cı ilin “Multikulturalizm ili”, ötən ilin “İslam Həmrəyliyi ili”, 2018-ci ilin isə “Cümhiriyyət ili” elan olunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini açıq nümayiş etdirir. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi edib. Bu cür tədbirlər gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım göstərir. Müsahibimiz xatırlatdı ki, dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri Azərbaycanın rolunu bu məsələdə yüksək qiymətləndirərək söyləyirlər ki, böyük İpək yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir.


“Heç də təsadüfi deyil, ki, Azərbaycan multikulturalizmi xüsusi bir istiqamət kimi bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif ali təhsil ocaqlarında, tədqiqat mərkəzlərində öyrənilir və bunun müsbət modellərinin, müsbət cəhətlərinin öyrənilməsi istiqamətində hətta bir çox xarici ölkə mütəxəssisləri də bu istiqamətdə tədqiqatlarla məşğul olub ölkəmizdəki bu mühitlə tanış olurlar. Bu baxımdan ölkədə dini sahədə sabitliyin təmin olunması da hər zaman diqqət mərkəzində olan məsələ olmuşdur. Azərbaycan dövlətinin konstitusiyasına görə, din dövlətdən ayrıdır. Lakin dövlət insanlıq əleyhinə olmayan, hansısa kəskin radikal mahiyyət daşımayan bütün dinlərin təriqətlərin inkişafı üçün normal səviyyədə şərait yaradır. Azərbaycan dövləti müxtəlif dinlərə aid olan ibadətgahların qorunub saxlanılması üçün və yaxud da yenilərinin inşa olunması üçün müxtəlif dövrlərdə təşəbbüslər göstərmişdir. Bu, Azərbaycan dövlətinin bir daha tolerant multikultural yanaşmasının göstərən amildir”.

Ekspert onu da qeyd etdi ki, bu baxımdan dövrü olaraq müxtəlif ölkələrin və onların təsiri altında olan müəyyən qrupların ölkədə bu istiqamətdə hansısa addımlar atmaq, pozucu fəaliyyətlə məşğul olmaq cəhdləri əbəsdir. Bu cəhdlərin, bu cür ünsürlərin qarşısı hər bir dövrdə xalqımızın müdrikliyi, Azərbaycan dövlətinin gücü sayəsində alınmışdı, alınır və bundan sonra da alınacaqdır. “Biz Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna diqqət yetirsək görərik ki, bu cür ünsürlərin qarşısı adətən Azərbaycan xalqının birmənalı və qətiyyətli mövqeyi nəticəsində əhalinin özü tərəfindən bir çox zamanlarda alınmışdır”, – deyə Elnur Kəlbizadə fikirlərini tamamlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mövzu ilə bağlı bildirdi ki, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir.


“Bu sahədə fəaliyyət göstərmək üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi deyil. Belə ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Belə düşünürəm ki, hazırda Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Bunun əksinə, universal model kimi təqdim olunmağa çalışılan Qərbsayağı multikulturalizm digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Belə olan halda Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar, ona görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla, xarici ölkələrlə münasibət baxımından zəruridir”.

Gülbəniz Hüseynli / bey.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu