fbpx

Avtobus marşrutlarının açılması “Böyük Qayıdış” prosesinin tərkib hissələrindəndir

BEY MEDIA İnformasiya agenti xəbər verir


Xəbər verdiyimiz kimi, azad edilmiş ərazilərə avtobus marşrutları açılır. Yanvarın 24-dən etibarən ŞuşaAğdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdə olacaq.

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına reyslərin açılmasının “Böyük Qayıdış” prosesinin tərkib hissələrindən biri olduğunu Metbuat.aza açıqlayan AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirdi ki, ərazilərimizin işğaldan azad edilməsinin növbəti dövründə Azərbaycan dövlətinin qarşısında dayanan başlıca məqsədlərdən biri bu ərazilərdə təhlükəsizliyin təmin edilməsi olmuşdur.


“Bildiyiniz kimi, uzun illər ərzində Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış sursatlar basdırılmışdır. Azərbaycan dövlətinin qarşısında isə həmin təhlükəli sahələrin, eləcə də digər silah-sursatın aşkarlanaraq zərərsizləşdirilməsi ən ümdə vəzifələrdən sayılır. Dəfələrlə Azərbaycan müharibədən sonra müxtəlif müzakirə və görüşlərdə mina xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsi məsələsini qaldıraraq, müəyyən zaman çərçivəsində belə xəritələrin bir qisminin Ermənistan tərəfindən təqdim edilməsinə nail olsa da, lakin məlum olduğu kimi, bu mina xəritələrinin çoxu qeyri-dəqiq olmuşdur. O da danılmaz faktdır ki, belə olan vəziyyətdə böyük yük Azərbaycan tərəfinin cəlb etdiyi mütəxəssislərin üzərinə düşür. Məlumdur ki, bu proses heç də sakit bir tərzdə davam etməmiş, müəyyən zaman daxilində ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycan vətəndaşları da xəsarət alıb, hətta həyatlarını itirənlər də olub”.

Müsahibimiz bildirdi ki, hazırki şəraitdə əhalinin işğaldan azad edilmiş ərazilərə getməsi üçün reyslərin açılması belə bir ehtimal sürməyə imkan verir ki, qeyd olunan rayonların ərazisinin kifayət qədər böyük bir hissəsi mina və partlamamış hərbi silah-sursatdan təmizlənib.


“Bununla paralel olaraq, Azərbaycan dövləti o ərazilərdə çox böyük işlər həyata keçirir. Bura əhalinin qayıda bilməsi üçün ilkin yol infrastrukturunun və digər sosial xidmət obyektlərinin bərpa edilməsi daxildir. Elə sosial xidmət obyektləri var ki, onlar tamamilə dağıdılmış vəziyyətdə idi. Hazırda onların ən müasir standartlara uyğun yenidən qurulması prosesi davam edir. Təbii ki, müəyyən müddətdən sonra ərazilərin tamamilə minalardan təmizlənməsi prosesi yekunlaşdığı təqdirdə, artıq kütləvi şəkildə əhalinin qaytarılması prosesi mümkün olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu quruculuq işlərinə yerli əhalinin də qoşulması dövlət üzərindəki yükün bir hissəsinin azalmasına şərait yaradacaqdır”.

Mövzu ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, azad olmuş ərazilərdə minaların hələ də varlığı geri qayıdışa əsas maneələrdən biridir:


“ANAMA təşkilatı və Azərbaycanla əməkdaşlıq edən şirkətlər xeyli iş görüb, amma hələ illərlə iş görülməlidir. Minalar müxtəlif ərazilərdə yerləşdirilib. Amma elə ərazilər var ki, təmizlənib və orada artıq tikinti işləri aparmaq olar. Tikinti işləri yekunlaşandan sonra əhalini də köçürmək mümkündür. Məsələn, Ağdam şəhəri artıq minalardan təmizlənir və orada tikinti işləri gedir. Elə ərazilər var ki, orada ümumiyyətlə, mina yoxdur. Məsələn, Şuşa şəhərində tikinti işlərini sürətləndirmək olar. Çünki ermənilər oraya mina basdırmayıblar. İşğal dövründə onlar Şuşada yaşayırdılar. Amma Füzuli, Zəngilan istiqamətində elə ərazilər var ki, minalar var və yeni ərazilər minalardan təmizləndikcə həmin yerlərdə tikinti işləri sürətləndirilir. Bu yerlərə böyük qayıdışı, əhalinin köçürülməsini həyata keçirmək olar. Köçürmə əməliyyatı, qayıdış layihəsi bizim üçün çox vacibdir”.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlara marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Günay Əliyeva Metbuat.az-a bildirdi ki, yaxın vaxtlarda marşrutun detalları barədə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.7. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu