Azərbaycanda bahalaşma dalğası: Rusiya-Ukrayna gərginliyi unun qiymətini yüksəldə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Rusiya 1 iyul -31 avqust tarixlərinə kimi, həm özünün, həm də Avrasiya ittifaqının taxıl ixracatını dayandırıb.
Politoloq Elman Vəliyev deyir ki, Rusiyanın bu addımı atmasına səbəb öz taxıl ehtiyatını qorumuş olmasıdır.
“Hesab edirəm ki, bu addımı ərzaq təhlükəsizliyi ilə bağlıdır. Rusiya taxılının əsas alıcıları qərb deyil, Türkiyə və İrandır. Yəni Rusiya bu qərarını Qərbi küncə sıxışdırmaq deyil öz ehtiyatı üçün etdi. Azərbaycanın da taxıl idxalının bir xeyli hissəsi Qazaxıstan və Rusiyadan gəlir. Baxmayaraq ki, ölkənin taxıl ehtiyatı mövcuddur amma Rusiyanın atdığı bu addımın ölkə iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərməsi mümkündür”.
Elman Vəliyev qeyd etdi ki, əgər bu ixracat qadağası uzun müddət davam edərsə problem yaranacaqdır. Problemdən çıxış yolu kimi, Azərbaycan taxıl sektorunda xarici asılılığı azaltmaq üçün fermerlərə subsidiyaları artırmaqla uğurlu nəticə əldə edə bilər.
“Ümumiyyətlə, hər hansı bir ölkənin bir sferasındakı boşluğu xaric ödəyirsə, o gələcəkdə problem yarada bilər. 2022-ci ilin əvvəlində bazarlarda da un qiymətlərinin 26 manatdan 38 manata qalxması da tarazlığın təmin edilməməsi səbəbindən baş vermişdi. Lakin çox da ümidsizliyə qapılmağa ehtiyac da yoxdur. Çünki Azərbaycan Avrasiya ittifaqının üzvü deyil və başqa taxıl ixrac edən ölklərdən idxal edə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, Ukraynada istehsalat pozulub. Bu, o deməkdir ki, növbəti mövsümdə Ukrayna məhsul istehsal edə bilməyəcək. Rusiyaya qarşı sanksiyalara görə qıtlıq müşahidə oluna bilər. Ekspert “Bakupost”a müsahibəsində qeyd edib ki, dünya bazarında buğda 40 faiz, soya yağı 26 faiz, qarğıdalı və qarğıdalı unları 20 faiz bahalaşıb. Dövlətlərin həmin qidalarla təchiz olunmasında Rusiya və Ukrayna əsas rol oynayır.
“Rusiya hökuməti ölkənin alternativ istiqamətlərdə azalan gəlirlərinin kompensasiyası məqsədi ilə taxılın ixracı ilə bağlı təsdiq etdiyi rüsumu artıracaq. Bu, o deməkdir ki, taxıl bazarda daha yüksək qiymətlə təqdim olunacaq. Rusiya həm də kvota tətbiqinə çalışacaq. Onsuz da pandemiya qiymətlərin yüksəlməsinə səbəb olub. BMT-nin Ərzaq Tədarükü Təşkilatının hesabatına görə, 36 faiz ilə son 40 ildə artımın pik həddi görünüb. Sonra da bu müharibə dünyada, o cümlədən Azərbaycanda bahalaşmanı kəskin sürətləndirdi”.
Hazırda dünya bazarında buğda qiymətləri son doqquz ilin ən yüksək göstəricisidir. Dünya Bankının məlumatlarına əsasən, 2021-ci ilin ilk rübündə buğdanın 1 tonunun orta qiyməti 275 ABŞ dolları olduğu halda, ilin sonuna yaxın dördüncü rübdə qiymət 12 faiz artaraq 308 ABŞ dolları olmuşdur. 2021-ci ilin dördüncü rübündə müşahidə edilmiş buğdanın orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 25 faiz yüksəkdir.
Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub (2021-ci il yanvar-noyabr aylarında) ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5 faizdən çox azalma deməkdir. Ölkəyə Rusiyadan idxal olunan buğdanın 2021-ci ilin dekabr ayında 1 tonunun orta aylıq ixrac qiyməti 338 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 33 faiz yüksəkdir.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.