Bakıda 30 min taksinin olacağı gözlənilir
“Taksi xidmətində olan qadağalar gözlənilən idi. Bu qanun xaosu aradan qaldırmağa yönəlib”.
Bu sözləri BEY.AZ-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, verilən qərarlar bir çox taksi sürücülərinə sərf etmirdi:
“Eyni zamanda, bu sahədə fəaliyyət göstərən kiçik və ya böyük sahibkarlar, taksi operatorları bu qanuna uyğun işləmək istəmirdilər. Onlar belə bir qərar qəbul ediləndən sonra bir qədər çıxılmaz vəziyyətə düşdülər. Avtomobilin ili, rəngi məsələsi, sürücülərə dair tələblər kifayət qədər ciddidir. Bu bir xidmət sahəsi olduğuna görə dövlət tələb edir ki, xidmət keyfiyyətli formada göstərilməlidir, qüsurlar aradan qaldırılmalıdır. Çünki indiyə qədər artıq cəmiyyətdə bir narazılıq formalaşmışdı”.
Ekspertin sözlərinə görə, Bakı şəhərində taksilərin sayının təxminən 30 min olacağı gözlənilir:
“Hesab edirik ki, Bakı şəhəri üçün bu qədər taksi normaldır. Ancaq bu addımlarla bərabər ictimai nəqliyyatı da gücləndirmək lazım idi. Avtobusların sayı və digər məsələlər burada önəm kəsb edir. Çünki avtobus sayı az olduğuna görə vətəndaşlar bu qədər taksidən istifadə edir”.
Qeyd edək ki, bu gündən etibarən, istehsal tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |