Bu məhsulların qiymətində ucuzlaşma var
“Statistik göstəricilərə əsasən inflyasiya templəri aşağı düşsə də, ötən illə müqayisədə müəyyən qida məhsullarında və xidmətlərdə bahalaşma az da olsa davam edir. Buna təsir edən xarici amillərdən biri də, ölkəmizin idxaldan asılı olmasıdır”.
Bunu BEY.AZ-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib. Ekspert bildirib ki, xaricdən idxal olunan qida məhsullarının baha olmasına əsasən logistika və daşıma qiymətlərinin də təsirləri var. Eyyub Kərimli onu da əlavə edib ki, bəzi yerli istehsal olan məhsulların qiymətində enmə müşahidə olunub:
“Bazarda qida sektorunun təhlili onu deməyə əsas verir ki, ölkədə istehsal olunmuş müəyyən məhsulların qiymətində enmələr qeydə alınıb. Son vaxtlarda kənd təsərrüfatında istehsalın artması müşahidə edilsə də, Rusiyada baş verən proseslərlə bağlı həmin məhsulların da ixracında azalma və çətinliklər var. Amma bununla belə, mövsümlə əlaqədar meyvə-tərəvəzin qiymətində ucuzlaşma var”.
Hazırda bazarda müşahidə edilən qiymətlərlə bağlı danışan ekspert düşünür ki, statistikaya əsasən hər ay müəyyən artım və ya azalma intervalları olur:
“Bu da təbiidir. Çünki qida məhsulu və digər xidmətlər tələb təklif əsasında formalaşır. Mövsümü amilləri də nəzərə alsaq, hesab edirəm ki istər paytaxtda, istərsə də rayonlarda tələb və təklif qiymətin formalaşmasına təsir edir”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % təşkil edib.
Gülbəniz Hüseynli / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |