Çempionlar Liqası ləğv oluna bilər
UEFA avrokubokların formatının növbəti dəfə dəyişdirilməsini nəzərdən keçirir.
Metbuat.az “Marca”ya istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbərliyi və Avropa Klublar Assosiasiyası üç divizionun – Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqini nəzərdən keçirir.
Klublar divizionlarda yüksəlmək və aşağı liqaya düşməmək üçün də mübarizə aparacaqlar.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə minəcək.
2024/2025 mövsümündən Çempionlar Liqasında yeni format olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Hər komanda 8 fərqli rəqibə qarşı oyun (4 ev, 4 səfər) keçirəcək. Matçların nəticəsinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. İlk “8-lik” birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar isə pley-offda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real”, “Barselona” və İtaliyanın “Yuventus” klubları Avropa Superliqasını yaratmağa cəhd göstəriblər.