fbpx

COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir



COP29 Azərbaycan Əməliyyat Şirkəti bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı zamanı qlobal müstəvidə yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən BEY.AZ-a verilən məlumata görə, sədrliyin iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək məqsədinə uyğun olaraq bu veriliş qlobal auditoriya üçün gündəlik COP hadisələrinin geniş xülasəsini təqdim etməklə konfransla bağlı məlumatların əlçatanlığının təmin edilməsinə xidmət edir.

Veriliş COP29 konfransı boyu tədbirin məkanı olan Bakı Stadionunda yerləşən studiyadan yayımlanacaq. Verilişin yayımı televiziya şirkətləri, onlayn video-yayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. Veriliş təfərrüatlı müsahibələr, ekspert təhlilləri və konfransa dair digər geniş məlumatları əhatə edəcək.

Mürəkkəb texniki mövzuların qlobal auditoriya üçün əlçatan kontentə çevrilməsinə fokuslanacaq proqram sayəsində izləyicilər COP fəaliyyətlərini, burada iştirak edən müxtəlif rəsmiləri, həll yolları və aktual iqlim hekayələrini, eləcə də bir sıra digər gündəmdə olan məsələlərlə bağlı ən yeni məlumatları əldə edə biləcəklər. Veriliş izləyicilərə COP konfransına fərqli baxış bucağını təmin edəcək.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev verilişin mahiyyəti ilə bağlı bunları qeyd edib: “Dünyada iqlim dəyişmələrinin təsirləri daha çox hiss olunduqca, informasiyaya olan tələbat da durmadan artır. Biz havanın artan temperaturu və bu problemin həlli ilə bağlı çoxalan narahatlıq fonunda iqlim fəaliyyətlərini qlobal auditoriyaya daha aydın və anlaşılan formatda çatdırmaq istəyirik. Gündəlik veriliş isə bu məqsədimizə çatmağa xidmət edən addımlardandır”.

Qeyd edək ki, “Daily Show” verilişi qlobal tədbirlərdə yüksək keyfiyyətli yayımların təşkilində zəngin təcrübəyə malik Böyük Britaniyanın media şirkətlərindən biri olan “Hi Impact” tərəfindən hazırlanacaq. Verilişin daha geniş auditoriyanı əhatə etməsi və təsir dairəsinin genişləndirilməsi üçün COP29 Əməliyyat Şirkəti layihə üzrə tərəfdaşlıq imkanlarının dəyərləndirildiyini də qeyd edib. “Daily Show” layihəsində tərəfdaşların müəyyən edilməsi üçün seçim prosesi 2024-cü il sentyabr ayının sonuna qədər davam edəcək, seçim nəticələrinə dair qərar isə COP29 Sədrliyi və UNFCCC tərəfindən veriləcəkdir. Layihəyə tərəfdaş qismində müraciət forması və ətraflı məlumat COP29-un rəsmi veb-saytında əks olunub.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin