fbpx

DGK Gürcüstanla sərhəddəki sıxlığa aydınlıq gətirib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı məlumat yayılıb. Yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.

Dövlət Gömrük Komitəsi sözügedən iddiaların əsassız olduğunu bildirib. Qurumdan Metbuat.az-a daxil olan məlumata görə, sıxlıqların yaranması ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Bildirilir ki, Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axınının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Respublikası Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.

“Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq” – deyə, qurumdan əlavə ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu