fbpx

Hərbi Prokurorluqda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 24-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən və onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, deputatlar, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları, Xocalı Soyqırımını Tanıtma, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Memorial Soyqırımı Muzeyini ziyarət edən konfrans iştirakçılarına muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb. O, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev, tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımları, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlət başçısının müstəsna xidmətlərinin, müdrik liderin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışlarının və müsahibələrinin nəticəsidir. Hərbi prokuror bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs edib.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlər, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı yorulmaz fəaliyyətindən söz açıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, bütün bunların nəticəsində artıq dünya ictimaiyyəti, əksər dövlətlər və bir çox beynəlxalq təşkilatlar soyqırımı barədə səhih və ətraflı məlumatlara malikdirlər və Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələri və nüfuzlu təşkilatları tərəfindən rəsmən tanınıb. Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, QvatemalaCibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmiş, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 25-dən artıq ştatının (Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana, Yuta, Nebraska, Havay, Montana, Aydaho, Arizona və sair) icra və qanunvericilik orqanları tərəfindən Xocalı faciəsi qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı bu dəhşətli faciəni soyqırımı kimi tanıyıb, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qəbul edilib 2010-cu il 22 aprel tarixli qərarda Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğu müəyyənləşdirilib.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, tarix boyu, o cümlədən ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü il 18 dekabr tarixdə Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il 5 may tarixdən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Cinayət işi üzrə ümumilikdə 80 mindən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 28 mindən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 29 mindən çox şəxs şahid qismində dindirilib, 18 mindən artıq şəxs mülki iddiaçı qismində tanınıb. Həmçinin 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən artıq prosessual qərarlar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işi üzrə sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərdən 40-ı Xocalı soyqırımı, 12-si Qaradağlı soyqırımı, 18-i Bağanıs-Ayrım soyqırımı, 9-u Meşəli soyqırımı, 47-si Kərkicahan soyqırımı, 35-i əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, 3-ü terrorçuluq cinayətləri, 85-i digər epizodlar və 57-si ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və sair cinayətlər üzrə olmaqla, ümumilikdə 306 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə), 115-ci (Müharibə qanunlarını və adətlərini pozma), 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (Qəsdən adam öldürmə), 214-cü (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Həmin şəxslər sırasında Ermənistanın sabiq prezidentləri Koçaryan Robert Sedrakoviç, Sarqısyan Serj Azatoviç və sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Çıxışının sonunda Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin sayəsində dövlətimizin daha da qüdrətləndiyini və xalqın rifahının hərtərəfli yaxşılaşdığını vurğulayan Hərbi prokuror 44 günlük Vətən müharibəsindən, əldə olunan möhtəşəm qələbədən, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımızın azad edilməsindən, müdrik lider və qətiyyətli sərkərdə, qürurlu və əzmkar xalq, mübariz və rəşadətli Silahlı Qüvvələr sayəsində düşmənin layiqli cavabının verilməsindən bəhs edərək, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının alındığını və onların qanının yerdə qalmadığını bildirib, xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Sonra Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Xocalı sakini Hüseynağa Quliyev və digər şəxslər elmi-praktiki konfransın təşkilinə görə Hərbi Prokurorluğun kollektivinə minnətdarlıqlarını ifadə edərək, bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə çıxış edib və ətraflı fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu