Məhkəmə çörək sexində baş verən qətllə bağlı qərar verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Gəncədə çörək sexində iş yoldaşının ölümünə səbəb olan qadına hökm oxunub.
Metbuat.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvarında baş verib.
Belə ki, 66 yaşlı Xatirə Məlikova (soyad şərtidir) iş yoldaşı, 67 yaşlı Esma Cəlilova ilə dalaşıb və onun yaxasından tutaraq itələyib. Esma Cəlilova yaxınlıqdakı qaynar su qazanının üstünə yıxılıb. Xəmir yoğurmaq üçün nəzərdə tutulan və 100 dərəcə Selsi temperaturadək qızmış su onun üzərinə tökülüb. E.Cəlilova martın 11-də vəfat edib. Hadisəyə görə cinayət işi başlanılıb. İşə Nizami Rayon (Gəncə) Məhkəməsində baxılıb.
Xatirə Məlikova məhkəmədə deyib ki, Esma ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında mübahisə yaranıb:
“Türkiyə vətəndaşı ilə ailə qurmuşdum və orada yaşayırdım. 2020-ci ildə isə pasportumun müddəti bitdiyi üçün geri qayıtdım. Lakin qardaşım məni evdən qovdu, bir müddət Gəncədə sığınacaqda yaşadım. Sonra çörək sexinin yanında kirayə ev tutub yaşamağa başladım. Hadisədən bir həftə əvvəl çörək sexində işə düzəlmişdim. Günə dörd manat pul və iki çörək qazancım olurdu. İlk günlər Esma ilə aramız yaxşı idi. Sonra isə mənimlə yola getməməyə başladı. Esma məni təhqir edir, ünvanıma nalayiq sözlər işlədirdi. Bir dəfə aramızda mübahisə oldu. Bir-birimizi itələyən zaman o, qaynar su ilə dolu qazana dəyib yerə yıxıldı. Elə mən də yıxıldım. Qazandakı su onun üstünə dağıldı. Hadisə zamanı mən də xəsarət aldım. Bilərəkdən etməmişəm. Hadisəyə görə çox peşmanam”.
Mərhumun qızı məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisədən anası xəstəxanaya aparılandan sonra xəbər tuta bilib:
“Anam kündəçi işləyirdi. Hadisə günü xəstəxanaya aparılandan sonra bizə məlumat verdilər. Vəziyyəti ağır olduğu üçün Bakıya apardıq. Həmin gündən martın 9-na qədər müalicə aldı. Daha sonra evə gətirdik və martın 11-də vəfat etdi. Başım yas məclisinə qarışdığı üçün anamın ölümü barədə polisə məlumat verə bilmədim. Artıq Xatirə xanımla barışmışıq. Ondan şikayətim yoxdur. Ona yüngül cəzanın verilməsini xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Xatirə Məlikovanın aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla ona iki il müddətində islah işləri cəzası verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.