fbpx

“Məşqçinin başı nə qədər qarışıqdı ki, Mahirə məsləhət verə bilmir?”

BEY MEDIA İnformasiya agenti xəbər verir


“İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdu”.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov “Futbol+”a müsahibəsində deyib. Həmin müsahibənin bir hissəsini təqdim edirik:

Anar Mədətov “Qurban Qurbanov belə açıqlama verib ki, mən bu məsələdə məsləhət verib, Mahirin fikrini qarışdırmaq istəmirəm” fikirlərinə münasibət bildirib.

– Sizə bir yer danışmaq istəyirəm. Bir dəfə mənə zəng elədilər ki, “Qalatasaray” Mahiri transfer edib. Dedim ki, xəbərim yoxdu. Açığı, mən istəmərəm Mahir Türkiyə klubunda oynasın. Çünki bilirəm ki, axırda ehtiyat oyunçular skamyasında oturacaq. Onsuz da Azərbaycan futbolu tarixində heç bir oyunçumuz Türkiyədə parlaq oyun nümayiş etdirə bilməyib. Nə isə! Qayıdım mövzuya. Həmin vaxt jurnalistlər mənə zəng etmişdilər. Dedim ki, xəbərim yoxdu, məşqçisindən soruşun. O daha yaxşı bilər. Həmin vaxt çalışdırıcısı bildirmişdi ki, onun atasından soruşun. Çünki şou-biznes nümayəndəsidi. O, belə şeyləri daha yaxşı bilər. Amma mən əvvəlcədən demişdim ki, xəbərim yoxdu. İndi mən sual vermək istəyirəm. Məşqçinin başı nə qədər qarışıqdı ki, vaxtilə ən sevimli futbolçusu olan Mahirə məsləhət verə bilmir? Mənim müğənnilərimin, sənətçilərimin başına belə şey gəlsə, belə deyəcəm? Amma indi Mahirə əsasən “Bakı”dakı məşqçiləri dəstək olur. Türkiyədən Yüksəl hoca zəng vurmuşdu, soruşurlar, maraqlanırlar. İndi nə oldu ki, məsləhət verə bilmirlər? İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdu.

– Anar bəy, özünüz də bildirdiyiniz kimi, Mahir Azərbaycanda 5 telekanalda qonaq oldu. Maqazin verilişlərində iştirak etməsi xoş qarşılanmadı…

– Sizə bir maraqlı məlumat verim. Vaxtilə Mahir qollar vuranda mən onlardan xahiş etmişəm ki, dəstək olsunlar. Hansı ki, “Qarabağ”da çıxış edirdi. “97” nömrəli formanı geyirdi. Əvvəlcə Mahir idi, sonra Mədətov yazılan formadan istifadə edirdi. Onda mən bu insanlara qolun videosunu göndərirdim ki, zəhmət olmasa, paylaşın. Amma heç kim dəstək olmurdu. İndi populyar olandan sonra qonaq çağırırlar. Elə fəxrlə adını çəkirlər. Həmin adamlar mənim Bodrumdakı evimdə qonaq olub, sağlığıma tost deyirdilər. İndi heç biri xatırlamır? Mən istəmirdim onsuz da oğlum o qədər reklam olsun. Amma həmin adamlar indi verlişlərə çağırırlar. Bilirsiz, niyə? Çünki Mahir reytinq gətirir. Onlar oğlumu yox, öz verilişlərini düşünürlər. İndi Mahir 6 ay futbolsuz qalacaq, ya qalmayacaq – heç kimin vecinə deyil.

– Mahir futbolsuz qalanda həmin şəxslər qınamağa başlayacaq?

– Bəli! Bizim hazırda bir normal klubumuz var. Söhbət “Qarabağ”dan gedir. Vaxt var idi ki, çoxları bu klubu sıxma-boğmaya salırdı. Bu komandadan nəsə bir səs çıxmasın istəyirdilər. Udanda ağzımızı əyə-əyə tərifləyirdik. Uduzanda birinin üstünə beşini qoyub, tənqid edirdik. Millimiz İngilətərəylə oynayırdı. Təbii ki, uduzmalı idi. Hamı başlayırdı ki, oynaya bilmirlər. “Bunları rədd edin, təzə komanda yaradın”, – deyə şikayət edirdilər. Daha bilmirdilər ki, ingilislər futbolu yaradandılar. Azərbaycanlı futbolçular onlara qarşı nə edə bilərdi? Sovet dövründə futbolun bünövrəsi Ukraynada, Gürcüstanda və Rusiyada idi. Azərbaycan həmişə axırıncı yerlərdə olub. İndi-indi futbol bizdə normallaşmağa başlayıb. Yəni bu millət belədi. Sabah Mahir məhkəmədə uduzsa, deyəcəklər ki, oynaya bilmədi, adımızı batırdı. İndi Mahiri hər yerdə reklam etməyə çalışan adamdan soruşmaq lazımdı ki, sən bu uşağı niyə ac-göz kimi hər yerə soxmağa çalışırsan? Müxtəlif verilişlərə aparırsan. Kimə nəyi sübut etməyə çalışırsan? Mahir özü-özünü sübut edib.

“Aranı qarışdırıb, Mahiri “yandırmaq” istəyirlər”

– Amma ilin ən yaxşı futbolçusu adına yiyələnə bilmədi…

– Çünki həmin sorğuda da saxtakarlıq var. Ona görə deyirəm ki, heç olmasa, şou-biznesdə mərd adamlar var. İdmanda olanların hamısını pis adlandırmıram. Ay balam, Mahir Azərbaycanı dünyaya tanıtdırdı. Məşhur klublara qol vurdu, amma ölkəsində ən yaxşı seçilə bilmədi? Ədalətsizlik təkcə Mahirə qarşı deyil. Tofiq Musayevi dünya tanıyır. Amma bizim telekanallar ondan müsahibə götürmək istəmir. Çin, Koreya, Yaponiyada sevilir bu adam. Amma Tofiq haqda kimsə sənədli film çəkmək istəmir. Yaxşı, Mahir pisdi, bəs Tofiqdən niyə yazmırlar? Bünövrəsi Mədətov olan Emreli İtaliya, İngiltərə klubuna qol vurdu. Amma Azərbaycanda qəbul olunmadı ki, bu yaxşı futbolçudu. Neçə “İphone” göndərmək lazım idi ki, Mahiri ilin ən yaxşı futbolçusu seçsinlər?

– Blirsiz ki, bu sorğunu “Futbol+” qəzeti keçirib. Biz siyahı tərtib edib, jurnalistlərdən, mütəxəssislərdən, keçmiş qaliblərdən, məşqçilərdən soruşmuşuq. Yəni səsvermədə Azərbaycan futboluna aid hamı iştirak edib…

– Mən razı deyiləm. Sözümü də dedim. Zəhmət olmasa, nə demişəmsə, hamısını qeyd edin. Mən proseslərin də necə getdiyini bilirəm. Biri var Ayzenşpis (rusiyalı məşhur prodüser), bir də siz tanıdığınız Anar Mədətov. İndi deyirik ki, Anar ondan güclüdü. Kim buna inanar? Mən şəxsən inanmaram. Bu insan dünya məşhurları ilə birgə işləyib. Biz onu seçmirik, amma Azərbaycanda hansısa verilişin layihə rəhbərini seçirsiz. Bu, fantaziyadı. Bütün verilişlərdə hamı bu sualı verir: Mahir, niyə ən yaxşı seçilmədin? Məqsəd var. Qıcıqlandırırlar. Bizdə dəstək olmurlar. Əksinə, verilişə çağırıb, qıcıqlandırırlar. Mənasız suallar verirlər. Atanla aran necədi? “Papa”ya zəng vurursan? Atan sənə nə etdi? Anar Mədətov Mahirə dəstək olmaq üçün getdi Moskvaya. “Spartak”la oyunu canlı izlədi. Niyə heç kim yazmadı? Niyə manşetlərə çıxarılmadı ki, Anar Mədətov oğlunun yanındadı? Çünki heç kimə maraqlı deyil. Amma indi atası Mahir haqda nəsə desə, tez yazacaqlar. Mən bunları ata kimi demirəm. Qıraqdan tamaşaçı kimi deyirəm ki, dünya şöhrətli azərbaycanlı ulduzu qəbul etmirik. Biz deyirik ki, Bakının ulduzu Mahirdən daha yaxşıdı. Bu absurddu.

– Özünüz əlaqə saxlamasaz da, heç olmasa, bizim vasitəmizlə Mahirə demək istəyirsiz ki, “Legiya”nı məhkəmədə udmaq çətindi?

– Baxın, hər gün sosial şəbəkələrdə bu məsələ ilə bağlı müxtəlif şərhlər yazılır. Hamı məsləhət vermək istəyir. İndi istəmirəm ki, əvvəllər Mahir qol vuranda tərifləyənlər onu pisləməsinlər. Bizim futbolda hocalar var. Onlar oturub, məsləhət versinlər ki, ay bala, get, oynunu oyna, özünü sübut elə. Yenə deyirəm, inanmıram ki, kimsə Mahirə Polşada pislik etsin. Hamı hər gün ağzına gələni yazır. Burda bizim medianın nümayəndələri Polşa mətbuatını izlədiyi kimi, onlar da bizim kanallardakı verilişlərə baxırlar. Hətta burda xüsusi nümayəndələri var. Mahirin burda dediklərinin hamısını “Legiya”ya çatdırırlar. Bilirsiz, aranı qarışdırıb, Mahiri “yandırmaq” istəyirlər. Azərbaycan futbolunun özündə çox insanlar onun karyerasını “Legiya”da davam etdirməsini istəmir. Bəzi insanlar istəyirlər ki, Mahir Azərbaycanda qazansın və onun pullarını zibil kimi xərcləsinlər. Amma Mədətovlar ailəsində belə şey yoxdu. Biz fikirləşirik ki, pul çox olmasa da, olar. Əsas odu ki, sabah öz adını tanıtdıra biləsən. Biz bunu həmişə etmişik. Heç bir məşqçisi, hocası deyə bilməz ki, Mahirlə müqavilə imzalananda atası gəlib, pul söhbəti edib. Həmişə demişəm ki, Allah verəndi, oynayıb, özünü sübut etmək lazımdı. “Legiya” çox yaxşı komandadı. Hitler Avropaya Polşadan girib. Sovet dövründə də insanlar alver etmək üçün Polşaya gedirdi. Çünki bütün Avropanın ən yaxşı malı bu ölkədə idi. İndi nə etmək lazımdı? Polşa vasitəsiylə Avropaya getmək lazımdı.

– İndi belə düşünürsüz ki, Mahir klublarla müqavilə imzalayanda başqa şəxslər müdaxilə edir?

– Bunu yalan deyərəm. İndi Mahir haqda müxtəlif transfer xəbərləri yayılır. Biri Macarıstan deyir, biri Xorvatiyaya. Amma sonradan nəsə bir şey çıxmır. Niyə? Çünki şou yaradırlar.

“Onda Mədətov mühərriki var”

– Dediklərinizdən belə başa düşdüm ki, Mahirin anası Elnurə xanımı bəzi məsələlərdə günahkar sayırsız. Yəni düzgün məsləhət verə bilmir?

– Mən belə şey demirəm. Onlar indi yanlarındadı. Elə həmin şəxslərdən soruşun. Bu işdə Mahiri kim yönəldirsə, başqa nəticə əldə etmək istəyirlər. Mən razı deyiləm ki, Mahir 5 verilişə çıxsın. Bu haqda da fikirlərimi səsləndirdim. İndi deyirlər ki, təzədən Polşada yaşaya bilməz. Niyə? Sadəcə, qollar vurub, özünü sübut etməlidi. Necə ki, Mahir yaxşı oyun nümayiş etdirəndə ona sevgi nümayiş etdirirdilər, indi də elə olacaq. Futboldu da. Burda belə şeylər olur. Guya burda pisləməyiblər? Vaxtilə Azərbaycanda çıxış edəndə Mahiri fitə basmırdılar? Onda ona nəsə başqa şey etdilər? Orda da nəsə etməyəcəklər. Kimsə klaviatura qabağında ağzına nə gəldi yazır.

– Mahir özü də verilişdə bildirdi ki, ən böyük tramvanı “Qarabağ”da çıxış edəndə alıb. Hansı ki, azarkeşlər onu fitə basırdılar…

– Bəli, olurdu da belə şeylər. Bizim cəmiyyətdə var belə şeylər. Adam bir az axsayan kimi başından vururlar. Orda da nəsə böyük bir şey yaşanmayıb. Olub da, hadisədi. Klubun özündə problem var idi. Neçə məşqçi dəyişdilər. Deməli, problem yalnız Mahirlə bağlı deyil.

– Son fikriniz budu ki, Mahir “Legiya”ya qayıtmalı, özünü yenidən sübut etməlidi?

– Əlbəttə! Mən bu fikirdəyəm. Özünü sübut etməlidi. Onda Mədətov mühərriki var. Orda da bunu göstərmək lazımdı. Mən sizə söz verirəm ki, bundan sonra Mahir haqda pis yazanlar, nəsə etməyə çalışanlar peşman olacaqlar. Kimlər ki, Mahirə pislik edib, onlar şəxsən diz çöküb, ondan üzr istəyəcəklər. Bütün legionerlər komandanı tərk etsəydi, deyərdim ki, Mahir düz edib. Amma heç kim getmədi. Lukinyasın da başına gəldi və o qayıtdı. Deməli, Mahir də belə etməli idi. Yanında adam yoxdusa, biz həmişə kömək ola bilərik. Hər mənada oğluma dəstək olmağa hazıram. Həm Azərbaycanda, həm də Polşada. Amma bunu açıq-aşkar desin ki, orda arxam yoxdu. Narahatam. Bundan sonra nəsə edərik. Amma orda heç bir problem yoxdu. Futboldu, hər şey ola bilər. Nə qədər azarkeşlərlə bağlı filmlər, nümunələr var. Amma sonda heç kim futbolçuya nəsə etmir. Sadəcə, oynamaq lazımdı. Və Mahir yeganə futbolçudu ki, bu yaşında Azərbaycanı dünyaya tanıtdı. Qısa müddətdə bunu bacardı. Hansı ki, Azərbaycan edə bilmirdi. Bilirsiz, niyə oldu? Çünki tək idi. Hüzurlu idi. Mahirin 13-14 yaşı olanda Lansda tək yaşayırdı. Heç kimi yanına buraxmırdım. Onun ən sevimli adamı nənəsi idi. Professor Mahirə Quliyeva. Mahir Fransaya da getsəydi, yanına gedirdi. O biriləri heç vecinə də almırdılar ki, Mahir hardadı. İndi hamısı Mahirdən elə danışır ki… Guya bunlar Messinin xalası, əmisidi. Mahirə, sadəcə, sakitlik və hüzur lazımdı. Bu olsa, o, rahat öz oyununu göstərə biləcək. Mahir bunu təkbaşına bacarır.

– Yəni “Legiya” azarkeşləri Mahiri yenidən qəbul edə bilər?

– Yenə deyirəm, orda bir dənə də qol vursun, görün, camaat necə başına and içir. Hər yerin çaqqalı da, yaxşısı da var. Pislər o qədər murdarlıq edirlər ki, camaat arasında problem yaranır. Mən Moskvada “Legiya”nın “Spartak”la oyununu izlədim. Bizim yaxın qohumumuz var – İlqar Məmmədov. O insan Mahirə çox dəstək olub. Hansı ki, geydirmə dayılarından daha çox iş görüb. Onlar vaxtılə Mahirə buts nədi e, çöp də almırdı. Mən nə vaxt Moskvaya gedirdim, deyirdi ki, get, filan yerdə Mahir üçün xüsusi buts sifariş vermişəm. Mahir ilk azərbaycanlı futbolçu olub ki, onun butsunun üstündə “MM11” yazılıb. Ən bahalı əşyalar onda olurdu ki, özünü göstərə bilsin. İlqar müəllim bunu ona təşkil edirdi. Biz can qoyurduq ki, Mahir oynasın. Mən həmin adamla birgə Moskvada “Legiya”nın oyununu izlədim. Azarkeşlər 90 dəqiqə dayanmadan Varşava klubunu təhqir edirdi. “Legiya”nın tərəfində isə cəmi 10-15 azarkeş və biz var idik. Qalan hamı öz klubuna dəstək olub, “Spartak”dan yoxdu, “Legiya” …”du”, – deyə ifadələr səsləndirirdilər. Sonuncu dəqiqədə Mahirin komandası qol vuranda hamı susdu. Bir epizodda Mahir dirəyi də nişan aldı. Sonradan videolar-filan düzəldildi, müqayisələr aparıldı. Bizim millət belədi də. Nə isə. “Spartak”la oyunda azarkeşlər üstümüzə “xox” etdilər. Amma başqaları gəlib, onları başa saldılar ki, bu futboldu. Başımızı aşağı salıb, sakitcə getdik. Heç kim bizə nəsə etmədi. Orda “Spartak”ın oyunçularına ağızlarına gələni dedilər. İndi onlar meydana çıxmayacaqlar ki, oynamıram? Yəni kiminsə burda marağı var ki, Mahiri yoldan çıxarır. Mən belə şeylərdən uzağam. Özümə də maraqlıdı ki, onu bu yola kim çəkir? Ay bala, bu adamın karyerasını niyə məhv edirsiz? Mahiri silsiləli şəkildə efirə çıxarmaq onu populyarlaşdırmır. Bu, Mahiri daha da gözdən salır. Mənim şəxsi fikrimdi. Sizin vasitənizlə Mahirə səslənirəm: niyə həmin adamlar 10 yox, 6-7 il öncə sənə dəstək olmurdular?”Kopenhagen”in qapısına qol vuranda səni niyə tərifləmirdilər?
“O nə müğənnidi, nə aktyor, nə də aşpaz”

– Ötən il “Qarabağ”la çempion ola bilmədilər. Amma bombardirlərdən biri də Mahir idi…

– Yaxşı xatırlatdız. Onda demək olar ki, heç kim Mahir haqda danışmırdı. Nəsə demirdi. Niyə? Mahir idmançıdı. Onun biznesi-filan boş şeydi. Bu gün var, sabah yoxdu. İndi o biznesləri hardadı? Heç kim bunu göstərə bilməyəcək. Çünki yoxdu. Çünki yanında atası yoxdu. Mən burdan hamıya səslənirəm ki, Mahiri adi futbolçu kimi qəbul edin. O nə müğənnidi, nə aktyor, nə də aşpaz. Adi futbolçudu.

– Son olaraq burdan oxuculara nə demək istəyirsiz?

– Mən Türkiyədəki evimə tez-tez gedib-gəlirəm. Orda “Bakı”nın keçmiş məşqçiləri ilə qarşılaşıram. Onlar mənə şikayət edirlər ki, heç yerdə Mahiri “Bakı”nın futbolçusu olaraq göstərmirlər. Mən hər şeyə aydınlıq gətirmək istəyirəm. Mahiri yetişdirən Elçin olub. Mahirə Quliyeva nəvəsini yazdırmışdı “Vətən”ə. Bu klub bir çox məşhur futbolçuların yetişməsinə səbəb olub. Bunu heç kim dilə gətirmir. Hamı ulduz olandan sonra “Vətən”i yaddan çıxarır. Necə ki, şou-biznesdəkilər deyirlər ki, mən oxumağı anamın qarnında öyrənmişəm. Elçin müəllim o vaxt “Bakı” seçimlər edəndə bildirdi ki, mənim solaxay futbolçum var, adı da Mahir Mədətovdu. Nənəsinə de dedi ki, uşağı istəyirlər. O vaxt anam getdi Biləcəriyə. Orda kiçik transfer baş tutdu. Elçin müəllim söylədi ki, bu qədər pul verdilər. Mən onu məşqçiyə halal etdim. Bundan sonra Mahirin “Bakı” karyerası başladı. Hamı bilir ki, bu klub ona necə dəstək oldu. Paytaxt təmsilçisindən “Lans”a 11 nəfər getdi. Onların arasında klubun icraçı direktoru Yaşar Seyidovun oğlu da var idi. Fransızlar nə etdilər? Mahirdən başqa hamısını geri qaytardılar. Bu, həmçinin “Atletiko”da baş verdi. Bunu qəbul etmək lazımdı. İndi bəziləri istəyir ki, öz övladlarını şou-biznesdəki kimi reklam etsin. Amma alınmır. Baxsınlar da, qardaşım. Mahirlə həmin adamları bir tutmaq olar?

– Konkret kimi nəzərdə tutursuz?

– Hər gün saytlarda xəbərlər yayılır ki, filankəsin oğlu qol vurdu. Nə edib o? Mahir əsgərlikdən sonra futbol oynamayıb. Fərq burasındadı. Bilirəm ki, söhbətin kimdən getdiyini anladız. Bu sözləri üzlərinə də deyirəm, deyəcəm də. Özünüz də bilirsiz ki, mən düz danışıram. Mən Mahiri onlar kimi reklam etsəydim, indi karyerasını İspaniyada davam etdirirdi. Amma buna ehtiyac yoxdu.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin