Paşinyan SƏRSƏMLƏDİ: “Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar yersizdir”
“Qarabağın ərazi vahidi kimi mövcud olmaması və problemin həlli ilə bağlı bütün bəyanatlar yersizdir”.
BEY.AZ xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan qondarma “Arsaxın “31-ci ildönümü” münasibətilə təbrik məktubu göndərib.
Məktubda o, yenə Qarabağın “müstəqilliyi” və “problemin həlli” barədə yazıb. Paşinyan Şarl Mişelin belə dilinə gətirmədiyi “Dağlıq Qarabağ” sözünü dəfələrlə təkrar edib.
Bir gün öncə Brüsseldə uçtərəfli görüşdə boynu bükük vəziyyətdə olan Paşinyan bu gün erməni auditoriyasına hesablanmış absurd çıxış edib. Gah nala, gah mıxa vuran Paşinyanın bugünkü məktubundan aydın görünür ki, məqsəd növbəti yalanlarla ermənilərin könlünü xoş etməkdir.
“”Arsax” ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri ciddi şəkildə həll olunmayana qədər “Dağlıq Qarabağ”ın ərazi vahidi kimi mövcud olmaması və “Dağlıq Qarabağ” probleminin həlli ilə bağlı bütün bəyanatlar yersizdir. “Dağlıq Qarabağ”ın statusu və bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrliyi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməyən mandata malikdir.
Beynəlxalq ictimaiyyət 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin həlli və “Dağlıq Qarabağ”da etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısının alınması üçün səy göstərməyə borcludur.
Ermənistan “Dağlıq Qarabağ”da normal həyatın, təhlükəsizliyin və insan hüquqlarının qorunmasının təmin edilməsinə yardım göstərməyə davam edəcək”, -deyə Paşinyan sərsəmləyib.