Rusiya qorxunc qüvvəyə çevrilib: Xəzərdən raketlər atılanda…
BEY MEDIA İnformasiya agenti xəbər verir
2000-ci illərdə Rusiya ordusu “içi boş bulud” idi və nə Çeçenistandakı münaqişənin öhdəsindən gələ bilirdi, nə öz sualtı qayıqlarının təhlükəsizliyini təmin edirdi. Lakin 20 il sonra Vladimir Putinin rəhbərliyi altında Rusiya silahlı qüvvələri təcrübəli hərbçilərə, dəqiq komandanlıq strukturuna və hipersəs sürətli silahlara malik qorxunc qüvvəyə çevrilib.
Metbuat.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sətirlər “The New York Times” qəzetinin məqaləsindən götürülüb. Qəzet yazır ki, 2015-ci ildə Rusiya Bəşər Əsədin devrilməsinə imkan verməmək və öz silahlarının üstünlüyünü dünyaya nümayiş etdirmək üçün Suriya müharibəsinə qoşuldu. “Ekspertlərin bildirdiyi kimi, Putin bu müharibəni istifadə edilən hərbi texnologiyaların real potensialını üzə çıxarmaq üçün laboratoriya kimi istifadə etdi”, – məqalədə deyilir.Qəzet yazır ki, Rusiyanın öz ordusunu bu cür sürətlə və effektiv şəkildə modernizə etməsi ABŞ rəsmilərinin neqativ reaksiyalarına səbəb olmaya bilməzdi. Nəticədə indi onlar Rusiyanı Ukraynanı hücuma hazırlaşmaqda ittiham edirlər.
ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının veteranı Robert Li qeyd edir ki, Rusiyanın Qara dənizdəki gəmilərində və sualtı qayıqlarında “Kalibr” qanadlı raketləri yerləşdirilib, “İsgəndər-M” raketləri isə Ukrayna sərhədləri yaxınlığında mövqe tutub. Bu raketlər Ukrayna ərazisində istənilən hədəfi vurmağa imkan verir. Ukrayna sərhədləri yaxınlığında cəmləşdirilmiş T-72B3 tankları isə uzaqmənzilli mərmilər və gecə vaxtı döyüş aparmağa imkan verən teplovizorlarla təchiz olunub.
ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces isə etiraf edib: “Mən indi bunu danışmaqdan utanıram, amma “Kalibr” raketləri Xəzər dənizindən Suriyadakı hədəfləri vuranda bu mənim üçün gözlənilməz oldu. Söhbət həmin raketlərin texniki xarakteristikasından getmir-mən hətta bu raketlərin orada olduğunu bilmirdim!”.
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav isə deyib: “Biz rusların qiymətini layiqincə verməliyik-onlar yeni müharibə metodlarını ağlasığmaz dərəcədə sürətlə mənimsəyirlər. Hər dəfə biz onların hansısa münaqişə zamanı hərəkətlərini izləyəndə əvvəlkindən daha dəqiq olduqlarını görürük”.
Xatırladaq ki, Rusiya Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə 2015-ci ilin oktyabrında “Kalibr” qanadlı raketləri ilə zərbələr endirib. Bu əməliyyatda Rusiyanın Xəzər donanmasının 4 gəmisi iştirak etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.