fbpx

Rusiya-Ukrayna böhranında NƏZƏRLƏR TÜRKİYƏDƏ: Türkiyə tərəf olmamalıdır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Həm Rusiya, həm də Ukrayna Türkiyə üçün siyasi və iqtisadi əlaqələr baxımından önəmli dövlətlərdir. Türkiyə bu böhranda mühüm aktordur. Türkiyə iki dövlət arasında balans siyasətini davam etdirərək böhran dövründə ikitərəfli danışıqlar və beynəlxalq təşkilatlar çərçivəsində qərəzsiz və fəal siyasət yürüdür”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq ANKA İnstitutu Məsləhət Şurasının üzvü, siyasi elmlər doktoru, politoloq Yeşim Demir edib.

Müsahibimizin şərhinə görə, Rusiya-Ukrayna böhranı regional təhlükəsizlik və iqtisadi təsirlər baxımından çox önəmlidir. Region ölkələri arasında böhran zamanı ən çox zərər çəkə biləcək ölkə Türkiyədir.

“Türkiyənin yuxarıda adları çəkilən dövlətlərlə qazdan taxıla, turizmə qədər bir çox sahədə iqtisadi əlaqələri var. Məsələn, 2021-ci ilin məlumatlarına görə, Türkiyəyə ən çox turist göndərən dövlət Rusiya, üçüncü dövlət isə Ukraynadır. Turizm mövsümünün açılmasına günlər qalmış belə böhran səbəbindən gözlənilən turistin gələ bilməməsi turizm gəlirlərinin azalmasına və kəsirin yaranmasına səbəb olacaq.

Ərzaq və enerji ehtiyatlarının əhəmiyyətli bir hissəsini idxal edən Türkiyə böhranın təsiri ilə qaz və neft qiymətlərindəki artımdan istər-istəməz mənfi təsirlənəcək. Rusiya və Ukraynadan taxıl idxalının əhəmiyyətli dərəcədə kəsilməsi kənd təsərrüfatında inflyasiyaya səbəb ola bilər. Rusiyaya tətbiq olunacaq sanksiyalar təbii ki, bu dövlətlə bağlı digər dövlətlərə də təsir edəcək”.

Politoloq xatırlatdı ki, 2018-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar zamanı İranla iş aparan dövlətlərə də sanksiyalar tətbiq edilmişdi. Göründüyü kimi, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Türkiyəyə də iqtisadi təsir göstərəcək.

“Məsələn, Rusiyadan alınan S-400, Türkiyədə tikilən atom elektrik stansiyası müqaviləsi, taxıl idxalı və ixracı, enerji idxalı və qiymətləri ilə bağlı ciddi problemlər ola bilər. Bundan əlavə, türk sərmayəçilərinin Rusiya və Ukraynada iş görməsi, Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” Qaz Boru Kəmərinə ortaq sərmayə qoyuluşu, İHA və SİHA-ların satışı mühüm yer tutur. Ukraynanın müdafiə sənayesində, hər iki dövlətlə strateji bağlarımızı göstərmək baxımından bu çox əhəmiyyətlidir. Qeyd olunan elementlərin kəsilməsi və ya dayandırılması onsuz da çətin vəziyyətə düşən iqtisadiyyatımıza daha da mənfi təsir göstərə bilər”.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukrayna tərəfi Türkiyədən Dardanel və Bosfor boğazlarının bağlanmasını rica etmişdi. Bu məsələ ilə bağlı fikirlərini qeyd edən Yeşim Demir bildirdi ki, Montrö konvensiyası həm regional təhlükəsizlik, həm də Rusiya və Ukrayna üçün çox vacibdir.

“Türkiyə Rusiya-Ukrayna böhranıda mühüm aktordur. Yəni Türkiyənin 1936-cı il Montrö Konvensiyasına uyğun olaraq izləyəcəyi siyasət regional təhlükəsizliyimiz və təhdid altında olan Qara dənizin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Türkiyə Qazi Mustafa Kamal Atatürkün “Yurtta sülh, dünyada sülh” prinsipinə uyğun olaraq hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşır və göstərməkdə davam edir. Düşünürəm ki, bu böhranda da Türkiyə bölgənin əhəmiyyətli bir aktoru olaraq, böhranın böyüməsinin qarşısını ala biləcək siyasətlər təyin edərək balans siyasətini davam etdirməlidir.

Nəticə etibarı ilə Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərdə tərəf olmamalı, Rusiya ilə bağlanan razılaşmalardan və Ukraynanın boğazların bağlanması tələblərindən zərər görməmək üçün öz milli maraqlarını qorumalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu