Rusiya-Ukrayna gərginliyində Türkiyə məqsədinə çatacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukraynadan olan həmkarları Sergey Lavrov və Dmitri Kuleba ilə danışıb. Tərəflər davam edən müharibəni və humanitar məsələləri müzakirə ediblər. Diplomatların Antalyada keçirilən üçtərəfli görüşündən sonra bu, Çavuşoğlu ilə Lavrovun ikinci telefon danışığıdır.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyir ki, görünür, ayrı- ayrı rəsmilərin də dediyi kimi, Ankara vasitəçilik təşəbbüslərini davam etdirir. Bunu dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Olaf Şoltzla birlikdə keçirdiyi mətbuat konfransındakı çıxışı – “Ukraynada daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır” deməsi hər şeyi təsdiq edir:
“Doğrudur, üçtərəfli görüş nəticəsiz başa çatdı. Lakin bu, Türkiyənin vasitəçiliyinin uğursuz olması demək deyil. Əvvəllər də dediyimiz kimi, savaşın uzanması nə Kiyevin, nə Moskvanın ürəyincədir. Güclər tükənir, əsəblər tarıma çəkilir. İki yol var: ya yaxın zamanda Üçüncü dünya müharibəsi başlayacaq, ya da Ərdoğanın dediyi kimi, daimi atəşkəs elan olunacaq. Belə rəy yaradılıb ki, Putini dayandırmaq mümkün deyil. Ancaq dövlət başçının istədiklərini alması üçün hələlik blef də edə bilər. Ən azından ona görə ki, Kremlin bu savaşdan qazanclı çıxmaq ehtimalı çox azdır”.
Ekspert deyir ki, Moskva hazırda “komikadzedir”: Məhv etsə, məhv olacaq. Əvvəllər də dediyimiz kimi, bu həftə ciddi proseslər gözlənilir.
“Kiyevin tamamilə işğalı istisna deyil. Həmçinin Türkiyə, Rusiya və Ukrayna dövlət başçıları səviyyəsində üçtərəfli görüşün gündəmə gəlməsi, o cümlədən tarixinin müəyyənləşdirilməsi və hətta baş tutması da mümkündür. Fikrimcə, ikinci ehtimal daha çoxdur. Bu zaman Ərdoğan həm Putinin, həm də Zelenskinin xilaskarına, planetin qəhrəmanına çevrilə bilər. Əvvəllər də dediyimiz kimi, daxili siyasətdə “xal qazanmaq”, növbəti prezident seçkiləri üçün divident toplamaq baxımından vasitəçilik təşəbbüsünün uğurla başa çatması, yəni daimi atəşkəsin təmin olunması və Üçüncü dünya savaşının qarşısının alınması Ərdoğan üçün çox əhəmiyyətlidir. Odur ki, səylər davam edəcək və böyük ehtimalla Türkiyə məqsədinə çatacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.