Sürücüləri nəzərinə – Bu yolda hərəkət məhdudlaşdırılacaq
Sabah Bakı-Quba yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakı istiqamətində olan 51-61-ci km-lik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə sentyabr ayının 30-u səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq.
İşlərin aparıldığı ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Asfaltlanma işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə iki tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetiriləcək.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.