Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndələri ilə görüşdü
İyulun 12-də İran İslam Respublikasının (İİR) Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə İİR-nin səfirinin vəzifələrini icra edən – müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
BEY.AZ bildirir ki, qonaqları salamlayan ARVK-nın sədri Anar Bağırov Azərbaycan ilə İran xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, İİR-nin ölkəmizdəki Səfirliyinin nümayəndələri ilə ilk dəfə görüş keçirdiyini bildirərək, rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, o cümlədən Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyətindən danışıb.
Görüşü yüksək qiymətləndirdiyini vurğulayan sədr İran Vəkillər Kollegiyası ilə əməkdaşlığın mövcud olduğunu, Azərbaycandakı İran vətəndaşlarına keyfiyyətli hüquqi yardımın göstərildiyini qeyd edib, eyni zamanda İrandakı Azərbaycan vətəndaşlarına da keyfiyyətli hüquqi yardımın göstərildiyinə inandığını ifadə edib.
İİR-nin Azərbaycandakı səfirinin vəzifələrini icra edən – müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib. O, hər iki dövlətin Vəkillər kollegiyaları arasında gələcək münasibətlərin daha da genişlənməsinin, habelə İran və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Görüş çərçivəsində hər iki ölkə arasında qarşılıqlı və keyfiyyətli hüquqi yardımların təşkil edilməsinin ilkin müzakirələri aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Sonda qonaqlara ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |