fbpx

Vətən müharibəsinin başlanmasından 2 il ötür

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsindən 2 il ötür. 2020-ci ilin bu günündə Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq, 30 ilin qisasını almaq üçün həm siyasi meydanda, həm də hərb meydanında qalibiyyətlə bitən bir mübarizəyə başladı.

Metbuat.az xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədi ilə cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Vətən müharibəsi

Döyüşün ilk günlərindən ordumuz Ermənistana layiqli cavablar verdi. İşğal edilən ərazilərimiz düşmən tapdağından azad edildi. Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilərkən Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. Qismən səfərbərliyə baxmayaraq bütün Azərbaycan İlham Əliyevin ətrafında birləşərək döyüşlərə hazır olduqlarını bildirdilər.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurdu.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv oldu.

04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı.

Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etdi. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları boşaldılaraq Azərbaycana təhvil verilib.

Azərbaycan Ordusu bu il avqustun 26-da Laçın şəhərinə yerləşib. Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında yenidənqurma işləri aparır. Düşmənin 30 il ərzində vandallıq göstərdiyi ərazilərimiz yenidən dirçəlir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu