Zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi ödənişsizdir?
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyətini davam etdirir.
AMB-dan Metbuat.az-a bildirilib ki, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişanlarının, o cümlədən tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və ya ekspertizaya təqdim edilməsi üçün müraciət edə bilərlər. Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.