Hörmüz boğazı ətrafında gərginlik davam edir. Ancaq maraqlıdır ki, qlobal iqtisadiyyat deyəsən buna da yavaş-yavaş öyrəşməyə başlayıb. Hər halda, neftin qiymətində əvvəlki ciddi dalğalanmanın olmaması belə qənaət yaradır.
Publika.az xəbər verir ki, bu arada İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Hörmüz boğazında hərbi-siyasi vəziyyətin dəyişdiyini və bölgədə yeni bir reallığın formalaşdığını bəyan edib. Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Qalibaf qeyd edib ki, Hörmüz boğazındakı yeni vəziyyət tədricən stabilləşir: “Atəşkəsin pozulması və blokadanın tətbiqi səbəbindən ABŞ və müttəfiqləri tərəfindən həyata keçirilən gəmiçilik və enerji resurslarının tranzitinin təhlükəsizliyi təhdid altına düşüb. Lakin onların vurduğu zərər getdikcə azalacaq”.
İran rəsmisi həmçinin vurğulayıb ki, mövcud vəziyyətin saxlanılması Vaşinqton üçün qəbulolunmazdır. Spiker paylaşımını bu sözlərlə tamamlayıb: “Biz yaxşı bilirik ki, mövcud status-kvonun qorunması ABŞ üçün qeyri-mümkündür, halbuki biz hələ hərəkətə keçməmişik”.
Prezident Donald Tramp isə sosial şəbəkədə etdiyi son paylaşımında ölkəsinin silahlı qüvvələrinin tam hazır vəziyyətdə olduğunu vurğulayıb. O bildirib ki, ABŞ ordusu istənilən ssenariyə cavab verəcək gücdədir. “Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımdan çox asanlıqla qalib gələcəyik. ABŞ müharibəyə qayıtsa, 2-3 həftə ərzində məqsədlərinə nail olacaq”, – Tramp vurğulayıb.
Bəs Qalibaf nəyə işarə edir? Ümumiyyətlə, getdikcə Tehranın hədələrinin kəsəri azalır söyləyə bilərikmi? Blokada ilk olaraq hansı tərəfi sındıracaq?
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyəti “yeni reallıq” kimi təqdim edən Məhəmməd Baqer Qalibaf həm daxili auditoriyaya, həm də ABŞ və müttəfiqlərinə mesaj verir: “İran göstərmək istəyir ki, bölgədə risk səviyyəsini yüksəldə bilir, amma eyni zamanda vəziyyəti stabil saxlayan tərəf kimi görünmək istəyir. “Biz hələ hərəkətə keçməmişik” ifadəsi isə faktiki olaraq çəkindirici siqnaldır. Yəni Tehran demək istəyir ki, əlində daha sərt alətlər var. Amma hələ onları işə salmayıb.
İranın hərbi-siyasi təsir imkanları qalır. Amma etibarlılıq problemi artır. Yəni Tehran hər dəfə maksimal təhdid səsləndirib onu reallaşdırmadıqca, bu siqnalların çəkisi azalır.
Blokadanın kimə daha çox zərər vuracağına gəlincə, blokada daha çox İranı sarsıdır. Onsuz da sanksiyalar altında olan iqtisadiyyat əlavə təzyiq görür, daxili sosial-iqtisadi gərginlik artır. Blokadadan Avropa ölkələri də ziyan görür. Eləcə də ABŞ və müttəfiqlərinin də ziyan gördüyü göz önündədir. Amma blokada uzun sürərsə, İran daha çox uduzan tərəfə çevrilə bilər. Çünki İranın iqtisadi dayanma gücü məhduddur”.
Politoloq qeyd edib ki, hazırkı vəziyyət “nə müharibə, nə də sülh” mərhələsidir: “İran ritorikanı sərtləşdirir, amma tam eskalasiyadan qaçır. ABŞ güc nümayiş etdirir, amma genişmiqyaslı müharibəyə girməyə tələsmir”.

