EvXəbərlər“Demokrat” Paşinyanın avtoritarizmi – Qərbin ikili standart siyasətinin yaratdığı təhlükə

“Demokrat” Paşinyanın avtoritarizmi – Qərbin ikili standart siyasətinin yaratdığı təhlükə

Published on

spot_img

Ermənistanda baş verənlər – siyasi inhisarçılıq, müxalifətin təqib edilməsi, seçki saxtakarlıqları, siyasi plüralizmin kəskin şəkildə azalması bu ölkə haqqında səslənən “demokratiyaya keçid” fikirlərinin hekayədən ibarət olduğunu hər keçən gün bir az da təsdiqləyir. Əslində Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişinin “küçə inqilabı” ilə reallaşdığı deyilsə də, əsas rolu prosesin pərdəarxasındakı xarici oyunçuların dəstəyi oynamışdı. Ötən 8 il müddətində isə Ermənistan hakimiyyəti idarəetmə modelində faktiki olaraq, avtoritarizm üsullarından istifadəni bir qədər də genişləndirdi, iyunun 7-də baş tutan parlament seçkiləri bunun sonuncu nümunəsidir.Seçkidən öncə Ermənistan hakimiyyəti müxalifətin kampaniyasının qarşısını almaq məqsədilə bütün resurslarından istifadə etdi. Opponentlərin təqib olunması və müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılması, seçki qərargahlarına zorakı üsullarla müdaxilələrin edilməsi fonunda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının namizədlərinin önü açılır, həm seçicilərlə görüş, həm də informasiya resurslarında təbliğat imkanları qeyri-partitet şəkildə həyata keçirilirdi. Seçkiöncəsi qeyri-bərabər və anti-demokratik mühit 7 iyunda səsvermə prosesinin şəffaf olmayacağını açıq şəkildə göstərirdi. Səsvermə günü baş verənlər də bunu sübut etdi.Bülletenlərdə namizədlərin yerlərinin dəyişdirilməsi ilə seçicilərin çaşdırılması, “karusel” mexanizmindən istifadə edilməsi, vəfat edən şəxslərin adlarının seçici siyahılarına salınması, müxalifətin seçki qərargahlarına hücumların təşkili və namizədlərin döyülməsi kimi çoxsaylı pozuntularla bağlı faktlar açıq mənbələrdə kifayət qədərdir. Misal üçün, aktrisa Arsine Navasardyan 25 əvvəl vəfat etmiş qohumunun adının seçici siyahısında olduğunu bildirib. Onun sözlərinə görə, siyahıda Ermənistan vətəndaş olmayan və uzun müddətdir xaricdə yaşayan digər ailə üzvlərinin də adları olub. Gorusdakı seçki məntəqələrində hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri müxalif namizədlərin adlarının yer aldığı bülletenlərin seçicilərə verilməsinin qarşısını alıb.“Müstəqil müşahidə” monitorinq təşkilatının müşahidəçiləri baş çəkdikləri 1420 seçki məntəqəsindən 387-də pozuntular qeydə alıb. Bir sıra məntəqələrində səsvermə prosesi 40-60 dəqiqə arası dayandırılıb. Bu müddətdə seçki qutularına kənardan gətirilən bülletenlərin atıldığı deyilir.“Akanates” müşahidə missiyası seçki məntəqələrində çoxsaylı qanun pozuntusu qeydə aldıqlarını açıqlayıb. Pozuntular arasında “karusel səsverməsi”, eləcə də polis məmurlarının səsvermədən sonra bülletenləri özləri ilə aparması kimi hallar var. “Ədalətli səs” müşahidə missiyası isə səsvermə günü 3 saat ərzində apardıqları müşahidə zamanı 100-ə yaxın pozuntu qeydə aldıqlarını açıqlayıb.Qanun pozuntuları “Vətəndaş Müqaviləsi” partiyasının iddia edildiyi kimi azad və şəffaf seçkilərlə qalib gəlmədiyini ispatlayır. Bütün bunlara rəğmən, Avropa ölkələrinin liderlərinin Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməsi, xüsusilə seçkilərin “demokratik transformasiya” yolunda uğur kimi qələmə verməsi iki faktı yenidən aktuallaşdırdı: demokratik dəyərlər siyasi maraqlar üçün alətə çevrilir və Qərb hər zaman olduğu kimi, bu dəfə də ikili standart yanaşmasından çıxış edir;Avropanın Ermənistanda saxtakarlıqla müşahidə olunan seçki prosesini “demokratiya nümunəsi” kimi təqdim etməsi o qədər də təəccüb doğurmamalıdır və məsələ təkcə klassik yanaşmaları olan ikili standart siyasətindən qaynaqlanmır. Çünki Avropanın özünün də Ermənistandakı seçki saxtakarlıqlarında iştirak etdiyinə dair məlumatlar mövcuddur. Hələ seçkidən öncə Avropa İttifaqı “xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizə” adı altında Ermənistana xüsusi missiya göndərdi. Bu missiyanın əsas vəzifəsi “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsini təmin etmək üçün seçki öncəsi və səsvermə günü proseslərə müdaxilə etmək olub. Məlumatlara görə, Fransa Ermənistan hakimiyyətinə dəstək məqsədilə hibrid üsullardan istifadə edib. “Le Journal du Dimanche” qəzeti iddia edir ki, Fransa kəşfiyyatı Paşinyana sosial şəbəkələrdəki tənqidlərin qarşısını almağa kömək edib. Proses kəşfiyyatın “VİGİNUM” xüsusi bölməsi tərəfindən həyata keçirilib. Bu kontekstdə Avropanın seçkiyə müdaxilə ilə qələbəsini təmin etdiyi Nikol Paşinyanı “demokratik lider” adlandırması gözlənilən idi. Hərçənd, bu yanaşma kifayət qədər təhlükəlidir.Birinci təhlükə Ermənistan hakimiyyətinin cəzasızlıq mühitindən və Qərbin dəstəyindən istifadə etməklə avtoritarizm idarəçiliyini daha da gücləndirməsidir.Seçkidən sonra hakim partiyanın siyasi müxalifətə qarşı repressiyalar bunun əyani nümunəsidir. “Ermənistan” blokunun rəhbəri Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulub və ona qarşı yeni cinayət işi açılıb. “Güclü Ermənistan” blokunun lideri, hazırda ev dustaqlığında olan Samvel Karapetyanın qardaşı oğlu, partiyanı faktiki idarə edən Narek Karapetyan sərhəddə saxlanılıb, ölkədən çıxışı qadağan edilib. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan həbs edilib, ona məxsus mülklər müsadirə olunur.Nikol Paşinyan hələ seçkidən öncə onların həbs ediləcəyini açıq şəkildə bəyan etmişdi. Bu şəxslər revanşist mövqeyinə malik olsa da, onlara qarşı təqiblər Ermənistanın avtoritar üsullarla idarə edildiyini ispat edir. Qafqaz İnstitunun elmi işçisi, politoloq Qrant Mikaelyan isə bildirib ki, hakimiyyətin müxalifətə qarşı təqiblərinin böyük hissəsi ictimaiyyətə açıqlanmır. Onun sözlərinə görə, siyasi fiqurlarla bağlı məhkəmə qərarları olmadan hökm verilir və aparılan hüquqi prosedur yalnız görüntü xarakteri daşıyır.Bu faktlar göstərir ki, Qərbin Ermənistan hakimiyyətini “demokratiya nümunəsi” adlandırması təkcə reallığın manipulyasiya edilməsi deyil, eyni zamanda, bu ölkədə avtoritarizmin inkişafına şəraitin yaradılmasıdır. Nikol Paşinyan heç də sələflərindən – Serj Sarkisyan və Robert Koçaryandan geri qalmır, əksinə “demokratik lider” obrazı altında daha sərt və radikal idarəçilik modelini tətbiq edir. Qərb isə bu prosesin əsas benefisarı rolunda görünür.İkinci təhlükə Qərbin Cənubi Qafqazda ayırıcı xətlərdən istifadə etməsi ilə bağlıdır.Qərbin bölgədəki proseslərə siyasi maraqlar kontekstində yanaşması ilk deyil, Ermənistana münasibətdə isə analoji siyasət hətta bir qədər də irəliləmiş formada davam etdirilir. Halbuki, Gürcüstanda son seçkilər zamanı Avropa İttifaqı və ABŞ bu ölkəni tənqid etmiş, seçki prosesini “demokratik geriləmə” kimi qələmə vermişdi. Ermənistanda baş verən seçki saxtakarlığı, seçkidən sonra müxalifətin təqib edilməsi, ümumilikdə avtoritar idarəçiliyin güclənməsinə rəğmən, Qərb Nikol Paşinyan hakimiyyətini nəinki tənqid edir, əksinə, “demokratiya nümunəsi” kimi göstərir. Bu, gözümüzün önündə Qərbin demokratik dəyərləri siyasi maraqlarının alətinə çevirdiyinin ən son və ən real nümunələrindən biridir. Lakin məsələ təkcə demokratik dəyərlərin alətə çevrilməsi ilə məhdudlaşmır, eyni zamanda, demokratiya anlayışının dəyişməsi, siyasi maraqlara transformasiya edilməsi risklərini gücləndirir, o cümlədən, bütövlükdə Cənubi Qafqazda demokratik institutların inkişafını əngəlləyir.Ən böyük risklərdən biri də demokratik dəyərlərin siyasi maraqlara qurban verildiyi Ermənistan nümunəsinin bölgədəki sabitliyə yaratdığı təhlükələrdir. Qərb regional maraqlarına görə Nikol Paşinyanın avtoritar idarəçiliyini “demokratiya nümunəsi” kimi göstərir və bunun qarşılığında Ermənistanın xarici siyasət kursuna nəzarət imkanları əldə edir. Əsas məqsəd Rusiyanın Ermənistandan tamamilə çıxarılmasına nail olmaq və bölgədəki mövqelərini zəiflətməkdir. Siyasi oriyentasiyasını Qərbə doğru dəyişdirən Paşinyan hakimiyyətinin bu transformasiyası Ermənistanın daxili məsələsi olmaqdan çıxaraq, regional təhlükəsizlik amilinə çevrilib. Çünki uzun illər Rusiyanın forpostu olan Ermənistanın Qərbə sürətli inteqrasiyası bu ölkəni geosiyasi toqquşma poliqonuna çevirir və gərginlik bütövlükdə Cənubi Qafqaza sirayət edir. Parlament seçkilərindən sonra Ermənistanda güclənən Qərb-Rusiya qarşıdurmasının regiondakı sabitliyə yaratdığı təhdidlərin daha da genişlənəcəyi perspektivləri aydın görünür. Belə bir perspektiv həm də Azərbaycanın təşəbbüsü ilə başlanan regional sülh prosesinə risklər yarada, nəticə etibarilə təhlükəsiz və sabit gələcək planlarını sual altına sala bilər. Əgər Qərb həqiqətən sülh və sabitliyi dəstəkləyirsə, ikili standart siyasətindən imtina etməli, regiona ayırıcı xətlər üzərindən yanaşmamalı və Ermənistandakı avtoritar idarəçiliyi “demokratiya nümunəsi” adlandırmaqdan əl çəkməlidir. Ermənistan hakimiyyəti isə demokratik institutların real inkişafını təmin etməli, xarici siyasət kursunu geosiyasi maraqların toqquşma mərkəzinə çevrilməmək istiqamətində qurmalıdır. Azərbaycan bölgədə bunun ən real nümunəsidir. Cənubi Qafqazın sabit və təhlükəsiz gələcəyinin inşa edilməsi istiqamətində işləyən Azərbaycan region ölkələrindən də bunu gözləyir.Asif Nərimanlı

Latest articles

More like this