Türkiyədə ÖZGÜR-DER adlı təşkilat Azərbaycanın İstanbuldakı konsulluğu önündə “hicab qadağasına etiraz” aksiyası keçirib. Məktəblərdə vahid formanın tətbiq edilməsi hicab qadağası demək deyil (bu, ayrı mövzudur). Burada diqqətçəkən əsas məqam İranın Azərbaycana qarşı tezislərinin Türkiyədə də dəstəklənməsidir. Məktəblərdə vahid geyim formasının “hicab qadağası” kimi təqdim edilməsi adətən İrandan Azərbaycana qarşı təbliğat məqsədilə istifadə edilən məsələdir. İndi eyni məsələnin Türkiyədə də gündəmə gətirilməsi sual yaradır: aksiyanın təşkilində rəsmi Ankaranın rolu varmı?İki amil belə şübhələrə yol açır.Birincisi, Türkiyədə Azərbaycana qarşı müxtəlif iddialarla aparılan kampaniyanın hakim dairələrin icazəsinə dair ehtimallar “hicab aksiyası”nın da bu prosesdə istiqamətlərdən biri olduğu fikrini önə çıxarır.İkincisi, aksiyanın təşkilatçıları belə ehtimalı gücləndirir.Akskiyanı ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) təşkil edib. Bu təşkilat zaman-zaman fikir ayrılıqlarına baxayaraq, AKP-yə dəstəyi ilə tanınır, xüsusilə son seçkilərdə hakim koalisiyanı dəstəkləyən HÜDAPAR-la sıx bağlılığı var. Təşkilat ideoloji olaraq, “Müsəlman qardaşları”na (İhvan) yaxındır. Türkiyə hakimiyyətində bu ideologiyanın tərəfdarı olan xəttin mövcudluğu sirr deyil. Azərbaycana qarşı aksiyanın təşkilində də bu xəttin iştirakı istisna edilməməlidir.Hərçənd, Azərbaycana qarşı bu cür təzyiq gedişləri ilə nəticə əldə etmək çətindir. Prezident İlham Əliyev son çıxışında “hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” sözləri ilə konkret mövqe sərgilədi. Türkiyədə Azərbaycana qarşı bu cür yanaşma nə müttəfiqlik münasibətlərinə, nə də qardaşlığa uyğun deyil. Aydın görünür ki, Türkiyədə hakimiyyət daxilindəki müəyyən qüvvələrin də yer aldığı radikal qruplar (onların İran meylliyi bəllidir) Azərbaycanla münasibətlərin pozulması istiqamətində çalışır. Vaxtilə SOCAR-a qarşı etirazları təşkil edən bu qüvvələr İran müharibəsi zamanı da Azərbaycana qarşı kapaniyanı körükləyirdi, xüsusilə Naxçıvana dron hücumu üzərindən. İndi yenə İranla eyni tezis üzərindən Bakıya qarşı hücum edildiyi müşahidə edilir. Ki, ikitərəfli münasibətlərdə yaranan problemləri həll etmək, inciklikləri aradan qaldırmaq mümkündür, lakin Türkiyədə Azərbaycana qarşı üçüncü qüvvələr-ölkələrlə birlikdə, yaxud eyni istiqamətdə addımların atılması qəbuledilməzdir.Asif Nərimanlı
