ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin həllində roluna görə səkkiz Nobel Sülh Mükafatı almalı olduğunu bildirib.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edərək Norveç Nobel Komitəsinin qərarından narazılığını ifadə edib.
O, Kamboca-Tailand, Kosovo-Serbiya, Konqo Demokratik Respublikası-Ruanda, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Azərbaycan-Ermənistan, eləcə də İsrail-HƏMAS arasındakı münaqişələrin nizamlanmasına töhfə verdiyini bildirib. Tramp, həmçinin Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı vəziyyətin həllinə yaxın olduqlarını açıqlayıb.
“Mən səkkiz müharibəni nizamlamışam. Kömək etdiyim ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər. Əslində, mən bir deyil, səkkiz Nobel Sülh Mükafatı almalı idim”, – Tramp yazıb.
ABŞ lideri Nobel Sülh Mükafatının başqa bir şəxsə verilməsini tənqid edib. Onun haqqında heç nə bilmədiyini deyən ABŞ lideri laureatı İsrailə qarşı düşmən münasibətdə olmaqda ittiham edib. O, İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını, girovların azad edilməsinə kömək etdiyini və NATO ölkələrinin müdafiə xərclərini artırdığını da iddia edib.
Tramp Koreya yarımadasında və Tayvan ətrafında silahlı münaqişələrin qarşısını aldığını, çoxsaylı insanın həyatını xilas etdiyini də vurğulayıb. O, BMT-nin münaqişələrin həllində ona yardım etmədiyini bildirərək Nobel Sülh Mükafatının ABŞ-a verilməli olduğunu qeyd edib.
Amerika Prezidenti Nobel Komitəsinin qərarının həm Norveçin, həm də mükafatın nüfuzuna ciddi zərər vurduğunu söyləyib.
Qeyd edək ki, sülhün bərqərar olunması və beynəlxalq hüququn möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə 2026-cı il Nobel Sülh Mükafatına Cənubi Afrikalı hüquqşünas Navi Pillay layiq görülüb.
