Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri regional əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Səfər çərçivəsində dövlət başçısı üç mühüm tədbirdə iştirak edib. Bu görüşlər siyasi dialoq, iqtisadi əlaqələr, nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı və Xəzər dənizinin ekoloji vəziyyəti kimi məsələləri əhatə edib. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşməsi həm Cənubi Qafqaz, həm də bütövlükdə region üçün yeni əməkdaşlıq imkanları yaradır.
BEY.AZ mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrənib.
Üç mühüm tədbir və regional əməkdaşlığın genişlənməsi
Politoloq Oqtay Qasımov Azərbaycan Prezidentinin Türkmənistana səfərini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, səfər çərçivəsində dövlət başçısının iştirak etdiyi üç tədbirin hər biri regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır.
Birinci tədbirin Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının sammiti olduğunu bildirən politoloq qeyd edib ki, gələn il sammitin Azərbaycanda keçirilməsi, Koordinasiya Şurasının iclasının təşkili və sədrliyin ölkəmizə keçməsi mühüm hadisədir.
Oqtay Qasımovun sözlərinə görə, Azərbaycan son 5-6 ildə Mərkəzi Asiya ilə əlaqələrini kifayət qədər inkişaf etdirib. Ticarət əlaqələri əhəmiyyətli dərəcədə genişlənib, yükdaşımaların həcmi və qarşılıqlı investisiyalar xeyli artıb. Hazırda Azərbaycanda Orta Asiya mənşəli 400-dən çox şirkət fəaliyyət göstərir. Politoloq vurğulayıb ki, enerji, logistika, nəqliyyat, yaşıl enerji və digər istiqamətlərdə ciddi əlaqələr mövcuddur və münasibətlər bütün sahələrdə inkişaf edir.
Müsahibin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiyanın üç ölkəsi – Özbəkistan, Qazaxıstan və Qırğızıstanla müttəfiqlik münasibətlərinə malikdir. Özbəkistanla əbədi dostluq haqqında saziş imzalanıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb və inkişaf tempi kifayət qədər yüksəkdir.
Politoloq Azərbaycanın Mərkəzi Asiya formatında iştirakının Xəzər hövzəsi üçün də vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, Orta Dəhlizin əsas marşrutlarından biri məhz bu coğrafiyadan keçir və bu baxımdan sammitdə iştirak böyük əhəmiyyət daşıyır.
Oqtay Qasımovun sözlərinə görə, səfər çərçivəsində keçirilən ikinci mühüm tədbir Türkmənistanda MDB dövlət başçılarının görüşü olub.
“İldə iki dəfə keçirilən bu tədbir müəyyən qədər protokol xarakteri daşısa da, MDB formatı siyasi dialoq və müxtəlif məsələlərin müzakirəsi üçün unikal platformadır”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, üzv ölkələrin liderləri bu görüşlərdə müxtəlif məsələləri müzakirə edir, ikitərəfli görüşlər keçirir, problemlərin həlli yollarını nəzərdən keçirir və müvafiq qərarlar qəbul edirlər. Bu baxımdan, politoloq görüşü faydalı hesab edir.
Oqtay Qasımovun diqqət çəkdiyi üçüncü tədbir isə Xəzəryanı ölkələrin Xəzər dənizinin vəziyyəti ilə bağlı sammiti olub. Politoloq bildirib ki, Xəzər dənizində son 10 ildə baş verən dəyişikliklər və ekoloji problemlər vəziyyətin ciddiliyini ortaya qoyur. Onun qənaətincə, Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbir gələcəkdə Xəzərdə ekoloji vəziyyətin normallaşdırılması üçün mühüm qərarların qəbuluna zəmin yarada bilər.
Azərbaycan və Mərkəzi Asiya vahid məkana çevrilir
Oqtay Qasımov səfəri müsbət qiymətləndirdiyini və onun regional proseslərə təsirini əhəmiyyətli hesab etdiyini bildirib. Politoloq qeyd edib ki, Azərbaycanın əsas prioritetlərindən biri Cənubi Qafqaz və Orta Asiyanı vahid məkana çevirmək, bu istiqamətdə əlaqələri genişləndirmək olub. Onun sözlərinə görə, bu məqsədə xeyli dərəcədə nail olunub və region ölkələri Azərbaycanı tranzit ölkə kimi qiymətləndirirlər.
Müsahibin fikrincə, Orta Dəhlizin əsas komponentinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövqeyini daha da gücləndirir. Orta Asiyadan, o cümlədən Çindən daşınan yüklərin Azərbaycan üzərindən Avropaya çatdırılması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Qazaxıstan və Türkmənistanın enerji resurslarının dünya bazarına çıxarılmasında açar ölkə rolunu oynayır.
Politoloq bu prosesləri unikal hadisə kimi səciyyələndirib və Prezident İlham Əliyevin Türkmənistana səfərinin regional əlaqələrin inkişafına əlavə təkan verəcəyini bildirib.
Oqtay Qasımov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr və koordinasiya mexanizminə tamhüquqlu üzvlüyünü də mühüm mərhələ hesab edir. Onun sözlərinə görə, bu, həm Azərbaycan, həm də region dövlətləri üçün əhəmiyyətlidir.
“Azərbaycan Orta Asiya ilə vahid məkana çevrilməkdədir. Azərbaycanın Orta Asiya ilə əlaqələrinin sürətlənməsi bütövlükdə regionun – həm Mərkəzi Asiyanın, həm Cənubi Qafqazın maraqlarına uyğundur”, – deyə politoloq vurğulayıb.
Müsahib əlavə edib ki, Orta Asiyanın dünya bazarlarına çıxışı üçün də Azərbaycana ehtiyacı var. Tarixi, mədəni, milli-etnik baxımdan sıx əlaqələrin mövcudluğu, eləcə də digər istiqamətlərdə əməkdaşlığın inkişafı mühüm addımlar kimi qiymətləndirilməlidir.
Dünya güclərinin Mərkəzi Asiyaya marağı artır
Politoloq Mərkəzi Asiyanın hazırda dünyanın diqqət mərkəzində olduğunu və dünya güclərinin bu regiona daha ciddi maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Rusiya və Çindən sonra Avropa İttifaqı və ABŞ, bu yaxınlarda isə Yaponiya və Cənubi Koreya Mərkəzi Asiya dövlətləri ilə sammitlər keçiriblər.
Oqtay Qasımov qeyd edib ki, həmin görüşlərdə regionun gələcəyi, investisiyalar, əlaqələr, kommunikasiyalar və nəqliyyat dəhlizləri ilə bağlı müzakirələr aparılıb.
Politoloqun sözlərinə görə, Orta Asiyada istehsal olunan məhsulların və regionun resurslarının dünya bazarlarına çıxarılması baxımından Azərbaycan olduqca əlverişli mövqeyə malikdir. O vurğulayıb ki, Azərbaycanın bu əməkdaşlıq formatında iştirakı ölkəmizin coğrafi üstünlüklərindən necə istifadə etməsi ilə də bağlıdır.
“Ölkəmiz coğrafi üstünlüklərini təzyiq vasitəsinə çevirmir, əksinə, onları fürsətə çevirir və qonşuları ilə bölüşür”, – deyə Oqtay Qasımov bildirib.
Politoloq əlavə edib ki, Azərbaycan qonşu dövlətlərin də bu coğrafi mövqedən faydalanmasına imkan yaradır. Bu baxımdan ölkəmiz Orta Asiya üçün etibarlı tərəfdaşdır. Onun qənaətincə, münasibətlərin inkişafı gələcəkdə daha mühüm qərarların qəbul edilməsinə və inteqrasiya prosesinin dərinləşməsinə kömək edəcək.
Oqtay Qasımov eyni zamanda bu cür sammitlərin Türk Dövlətləri Təşkilatının güclənməsi, inteqrasiyanın daha da dərinləşməsi və təşkilatın qlobal gücə çevrilməsi baxımından mühüm addımlar olduğunu qeyd edib.
Nəqliyyat dəhlizləri və enerji əməkdaşlığı
Politoloq Azərbaycanın həyata keçirdiyi siyasətin regionda siyasi və iqtisadi əməkdaşlığın gələcəyinə də müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regiona investisiyaların cəlb olunması, digər dövlətlərin azad edilmiş ərazilərin bərpasında iştirakına şərait yaradılması istiqamətində addımlar atır. Bununla yanaşı, ölkəmiz nəqliyyat-kommunikasiya sistemlərini müasirləşdirir və digər dövlətlərin də bu imkanlardan faydalanmasına şərait yaradır.
Oqtay Qasımov bu addımları regionun gələcəyi baxımından mühüm hesab edir. O bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirir və iki nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçir. Bu səbəbdən Azərbaycanın həmin proseslərdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat və logistika siyasəti yalnız ölkəmizin deyil, bütövlükdə regionun maraqlarına xidmət edir.
Müsahib vurğulayıb ki, əməkdaşlıq formatlarının yaradılması, əlaqələrin və kooperasiyanın genişləndirilməsi regionun rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıyır. Onun fikrincə, bu proseslər Azərbaycanın orta güc statusunu möhkəmləndirir və beynəlxalq nüfuzunu artırır.
Müəllif: Adəm Abbaslı
