Tunis təmsilçisi “Esperance Sportive” Liviya telekanalının nümayəndələrinin klub haqqında səsləndirdiyi ittihamlara etiraz edib. Klub rəhbərliyi “Libya Riyadiyye” kanalından rəsmi və açıq üzr tələb edib, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, qalmaqal Afrika Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra yaranıb. “Esperance” səfərdə Liviyanın “Əl-Süveyhli” klubuna 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra telekanalın təhlil proqramında şərhçi Səd əl-Bərdah və bəzi ekspertlərin səsləndirdiyi fikirlər Tunis klubunun rəhbərliyi və azarkeşlərinin narazılığına səbəb olub.
Klubun açıqlamasına görə, telekanalın nümayəndələri “Esperance”ı hakimlərə təzyiq göstərməkdə və oyunların nəticələrinə təsir etməkdə ittiham ediblər. Cavab matçında Tunis təmsilçisinin “masa altından” hansısa xidmət təklif edə biləcəyinə dair səsləndirilən fikirlər isə narazılığı daha da artırıb.
“Esperance” rəhbərliyi bu ittihamları əsassız adlandıraraq onların klubun nüfuzuna, zəngin tarixinə və həm ölkə daxilində, həm də qitə səviyyəsindəki mövqeyinə zərər vurduğunu bildirib. Klub qeyd edib ki, əldə etdiyi uğurlar futbolçuların, məşqçilər heyətinin, rəhbərliyin əməyi və azarkeşlərin dəstəyi sayəsində qazanılıb.
Tunis təmsilçisi telekanal rəhbərliyindən əməkdaşlarının açıqlamaları ilə bağlı rəsmi mövqe bildirməsini və ictimaiyyət qarşısında üzr istəməsini tələb edib. Əks halda, klub hüquqi və inzibati tədbirlərə əl atacağını, müvafiq media və idman qurumlarına müraciət edəcəyini bəyan edib.
Bundan başqa, “Esperance” tələbləri yerinə yetirilməyəcəyi təqdirdə “Libya Riyadiyye” kanalının komandalar arasında keçiriləcək cavab oyununu yayımlamasına icazə verilməməsi ehtimalını da nəzərdən keçirir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 24-də keçiriləcək.
