NATO Qara dənizdə gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra bölgəyə əlavə dəniz patrul təyyarələri, radar sistemləri və pilotsuz uçuş aparatları göndərəcək.
BEY.AZ xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart məlumat verib.
O bildirib ki, NATO səfirləri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gəliblər. Alyansın şərq cinahında müdafiə imkanları artıq gücləndirilib. Yeni tədbirlər çərçivəsində bölgəyə müşahidə, kəşfiyyat və məhkəmə-tibbi ekspertiza dəstəyi də göstəriləcək.
Hart NATO-nun mümkün təhdidlərə qarşı hazır olduğunu və 1 milyard vətəndaşın təhlükəsizliyini qorumaq üçün birgə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən həftə Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında iki kimyəvi maddə daşıyan tanker PUA hücumuna məruz qalıb və gəmilərdə yanğın baş verib. Hadisə nəticəsində 7 dənizçi itkin düşüb. Bundan başqa, Rumıniya və NATO üzvü Bolqarıstanın sahilləri yaxınlığında daha azı 5 yük gəmisinə hücum edildiyi, ən azı 23 dənizçinin isə itkin düşdüyü və ya öldüyü bildirilib.
Müəllif: Roza
