Jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsi mətbuat azadlığına verilən dəyərdir
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.
Qaydalara əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Mövzu barədə Metbuat.az-a açıqlama verən əmlak üzrə tanınmış ekspert Elnur Fərzəliyev bildirdi ki, güzəştli kreditlərdən yararlanmaq üçün jurnalistlərin aylıq gəliri də ipoteka kreditini ödəməyə imkan verəcək səviyyədə olmalıdır.
“İstər güzəştli, istərsə də standart kredit olsun hər hansısa vətəndaş əgər bank kreditlərindən yararlanırsa bu zaman mütləq şəkildə onun gəlirləri hesablanır. Bu gün biz araşdırsaq görərik ki, çox sayda jurnalist ipoteka krediti ilə mənzil ala bilib. Bu o kateqoriya jurnalistlərə aiddir ki, onların aylıq gəliri ipoteka kreditinin alınmasına və ödənilməsinə bəs edəcək qədərdir. Bilirsiniz ki, kredit üçün müraciət edilən zaman vətəndaşın aylıq gəliri ilə yanaşı, onun ailə üzvlərinin sayı, xərcləri hesablanıb çıxıldıqdan sonra geridə qalan məbləğ ipoteka kreditinin ödənilməsinə bəs edəcəyi qədər olarsa o zaman o şəxsə kredit verilir. Əgər bir şəxsin əmək haqqı məbləği 300 manat kimi rəsmi qaydada göstərilirsə və ailəsində üç nəfər şəxsi o aldığı məvaciblə dolandırmaq məcburiyyətindədirsə, bu zaman o şəxs kredit əldə etmək üçün müraciət edə bilməyəcəkdir.
Ekspert bildirdi ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilən fərmanın üstünlükləri də olduqca çoxdur. Uzun müddət jurnalistika sahəsində çalışan şəxslərə göstərilən bu qayğı nəticəsində illik dörd faiz olmaqla jurnalistlər həm Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), həm də “Kirayə mənzil” layihəsi çərçivəsində daha sərfəli şərtlərlə mənzil əldə edə bilərlər.
Fərmana əsasən, 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər. Ümumiyyətlə jurnalistlərin mənzillə təminatı söz və mətbuat azadlığına verilən böyük dəyərdir. Amma istər beş illik, istərsə də 15 illik peşə fəaliyyəti göstərən jurnalist olsun əmək haqqı məsələsi burada özünü ən vacib amil kimi göstərə bilər. Ümid edirəm ki, qaydalar müəyyən edilən zaman kreditin verilməsi təkmilləşdiriləcəkdir. Bu uzun müddət evsizlik problemi yaşayan bir çox gənc ailənin mənzil təminatının yaxşılaşmasına kömək edə bilər.
Qeyd edək ki, Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən artıq ola bilməz. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
Gülbəniz Hüseynli / Metbuat.az
Bunu da oxu: https://metbuat.az/news/1430191/media-nin-vezifele…
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.