Çin parlamentinin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb.
O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Azərbaycan Respublikasının Milli Məclisi və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.
Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.