Putin NİYƏ geri addım atır?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Uzun müddətdir dünya mediasında Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır, amma Rusiya tərəfi bu məlumatı qəti şəkildə təkzib edib. Hətta qərb mediasında yayılan məlumatlarda bugünlərdə Rusiyanın işğal prosesinə başlaması qeyd edilirdi. Amma görünən odur ki, Rusiya bu addımı atmaq niyyətində deyil yaxud bu addımın ona böyük ziyan gətirəcəyini düşünür”.
Bu fikirləri Metbuat.az–a “Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin təsisçisi politoloq Samir Hümbətov deyib. Politoloqun açıqlamasına görə, Rusiya yaxşı başa düşür ki, indiki halda Ukraynaya müdaxilə edərsə bu dünya birliyi, xüsusilə də qərb ölkələri tərəfindən işğal faktı kimi dəyərləndiriləcək və qərbin ona qarşı sanksiyalar paketinin işə düşməsinə şərait yaradacaq. Samir Hümbətov deyir ki, Rusiya digər variantı seçmiş oldu. Yəni, Gürcüstanda olduğu kimi, amma fərqli formada.
“İndi Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı kimi qondar Donesk və Luqansk Respublikalarının da müstəqilliyi tanımağı hədəfləyir. Görünən ssenari bundan ibarətdir ki, Rusiya sözügedən “respublikalar”ın müstəqilliklərini tanımağa çalışacaq. Daha sonra həmin “respublikalar”la təhlükəsizlik və əməkdaşlıqla bağlı müqavilə imzalaya bilər ki, bununla da Ukraynanın həmin əraziləri özünə birləşdirmək cəhdləri demək olar ki, tamamilə azalmış olacaq. Məsələ burasındadır ki, Qərb dövlətləri də Ukraynaya istənilən dəstəyi göstərmədi. Hətta demək olar ki, Ukrayna-Rusiya məsələsində Qərb dövlətləri arasında ciddi fikir ayrılıqları yaşanmağa başladı. Burada Ukrayna baxımında əsas narahat edici digər məsələ onun NATO-ya daxil olması məsələsində yetərli dəstəyi ala bilməməsidir”.
Samir Hümbətov bildirdi ki, Rusiya Qərb dövlətlərindən təhlükəsizliyi ilə bağlı yazılı zəmanəti ala bilməsə də, amma Qərb dövlətləri qarşısında geri də çəkilmədi. Digər tərəfdən Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında dialoqun qurulması cəhdi də məsələnin hərbi müstəvidən çıxıb siyasi müstəviyə qayıtmasına imkan yaratdı.
“İstisna etmək olmaz ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ukraynaya sonuncu səfəri zamanı tərəflər arasında Rusiya-Ukrayna böhranı müzakirə edilməsin. Türkiyə kimi Azərbaycanın da əsas məqsədi tərəflər arasında gərginliyi azaltmaq və məsələləri dinc yolla həll etməkdir. Gözləniləndir ki, tərəflər arasında bundan sonrakı mərhələdə yeni münasibətlər sistemi qurulacaq”.
Qeyd edək ki, keçən il olduğu kimi bu ilə də artıq Rusiya Ukrayna sərhəddindən qoşunlarını geri çəkməyə başlayıb. Mediada Rusiya Müdafiə Nazirliyinə istinadən yayılan məlumatlara əsasən Rusiya silahlı qüvvələrinin bir hissəsi təlimlərin başa çatması ilə əlaqədar olaraq qoşunların geri çəkilməsini həyata keçirir. Mediada yayılan məlumatlara görə, fevralın 16-da səhər saat 3:00-da Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı məqalə yazan İngiltərənin “The Sun” qəzeti hücum baş vermədikdən sonra mətni yenidən yazıb. İndi deyilən vaxt əvəzinə gecənin insidentsiz keçdiyini bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.