Belarus ordusunun Ukraynaya daxil olmasının hərbi önəmi yoxdur
BEY.AZ informasiya agentliyi xəbər verir
“Belarus ordusu adlanan dəstənin Ukraynaya daxil olmasının hərbi baxımdan önəmi yoxdur”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Şahin Cəfərli edib. Onun fikirlərinə görə, sərhədə topladığı qruplaşmanın üçdə ikisini ötən 5 gündə hərbi əməliyyatlara cəlb edən Rusiya komandanlığı zərbə almamış, itki verməmiş yeni hərbi birləşmələrə ehtiyac duyur. Ekspert deyir ki, Belarus ordusunun Ukrayna ordusu ilə ilk toqquşmada pərən-pərən düşməsi təəccüblü olmayacaq. Çünki həmin istiqamətdə (Çerniqov) döyüş aparan Ukrayna qüvvələri 5 gündür saysız-hesabsız hərbi texnika ilə hücuma keçən Rusiya ordusunun qarşısını uğurla alır.
“Bu gün Xarkov şəhər meydanının bombalanması müharibə uzandıqca, Putin rejiminin daha da aqressivləşdiyini göstərir. İlk günlərdə Rusiya nisbətən “səliqəli” müharibə aparmağa çalışırdı. Lakin Xarkov kimi rusdilli şəhərdə bu gün yaşanan Hələb mənzərələri, dinc insanların bütün dünyanın gözü önündə qətliama məruz qalması onu deyir ki, bunker sakini hər cür incə hesabı bir yana buraxaraq nəyin bahasına olur olsun, nəticə almağı əmr edib. Bunun bir səbəbi də şərqdə işğal olunmuş yaşayış məntəqələrindən gələn görüntülərdir. Kupyansk (Xarkov vilayəti) və Berdyansk (Zaporojye) şəhərlərində sakinlər meydana toplaşıb Ukrayna himnini oxuyur, Rusiya hərbi texnikasının önünə canlı sədd çəkir. Kupyanskda camaat şəhərdəki inzibati binaya yenidən Ukrayna bayrağı sancıb. Bu, gül-çiçəklə qarşılanmalarını gözləyən rus führerin əqli müvazinətini, psixikasını pozur”.
Şahin Cəfərlinin sözlərinə görə, “dahi strateq” Putin artıq Ukraynanın şərqində də Rusiyaya nifrət yarada bilib.
“Bu müharibə çox açıq şəkildə Ukrayna xalqına qarşı müharibəyə çevrilib. Şəhərlərin fiziki işğalı bu durumda həlledici önəmə sahib deyil. Xalqa savaş açmağın nəticəsinin sonda nə olacağı məlumdur”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.