Ukrayna – Rusiya müharibəsinin son mərhələsi qabaqdadır
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başa çatıb.
Müzakirələr əsnasında Çavuşoğlu bəyan edib ki, Türkiyə Ukrayna məsələsində üzərinə düşən tədbirləri həyata keçirir. Bu görüşdən dərhal sonra Çavuşoğlu Azərbaycan XİN naziri Ceyhun Bayramovla danışıb. Nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Siyasi şərhçi Asif Nərimanlı gündəmi müzakirə edən zaman bildirdi ki, Ankara anlaşmanın əldə edilməsinə çalışır və Bakı bu prosesə dəstək verən oyunçulardan, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biridir. Ekspertin sözlərinə görə, Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi, lakin indiyə qədər kiçik də olsa irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir.
“Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki “ultimatum mövqeyinin” dəyişdiyini bildirir. Tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşdə gəlsələr də, mümkün razılaşmanın xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil. Ərdoğan da Zelenski ilə telefonda bunu müzakirə etdi və Putinlə də müzakirə edəcəyi gözlənilir. Açıqlamalar masada əlavə detalların da olduğu əsas müzakirə mövzusunun Ukraynanın “neytral status”nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin “İsveç modeli”nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev isə qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz “Ukrayna modeli” olacaq”.
Ekspert qeyd etdi ki, “İsveç modeli” Finlandiya modelinin bir başqa formasıdır. Bu modeldə ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq. Kiyevin dediyi “Ukrayna modeli” isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir. Yəni Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir.
“Əgər Ukraynaya hücum olarsa zəmanət verən ölkələr sözdə yox, əməldə dəstək verməlidirlər. Həmin dövlətlər münaqişədə birbaşa iştirak edir, hava qüvvələrinin dəstəyi də daxil olmaqla silah-sursat verirlər. Burada hava məkanının bağlanması da əsas şərtlərdən biridir. Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil, xüsusilə “ultimatum mövqeyi”ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Belə görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır”.
Asif Nərimanlı onu da qeyd etdi ki, hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaqdır.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.