fbpx

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Avropa Parlamentinə etiraz bəyanatı göndərib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Avropa Parlamenti tərəfindən cari ilin mart ayının 10-da qəbul edilən qətnaməyə etiraz olaraq bəyanat qəbul edib və həmin sənəd Avropa Parlamentinə göndərilib.

Metbuat.az xəbər verir ki, bəyanatda sözügedən qətnamə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınmasına, aqressiv separatizmin açıq şəkildə dəstəklənməsinə, o cümlədən azad edilmiş ərazilərdə Azərbaycana məxsus tarixi, dini-mədəni irsin erməniləşdirilməsinə hüquqi don geyindirilməsi cəhdlərinə yönəlik addım kimi şiddətlə qınanılıb və qərəzli hesab edilib.

Sənədin erməni lobbi qruplarının təsiri altında hazırlandığı bildirilərək, onun real vəziyyəti göstərmədiyini, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda ermənilərin saxta iddialarını özündə əks etdirdiyi təəssüflə vurğulanıb.

Eyni zamanda, bildirilib ki, qətnamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “erməni” abidələri heç bir fakta söykənməyən rəqəmlərlə göstərildiyi halda Azərbaycana məxsus tarixi-dini abidələrin aqibətinə göz yumulur. Belə ki, azad edilən ərazilərdə (67 məsciddən 65-i dağıdılıb, Ağdam Cümə məscidi hərbi məqsəd naminə qismən salamat saxlanılıb, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi isə təmir adı altında saxtalaşdırılaraq fars məscidi kimi təqdim edilib) və bugünkü Ermənistan ərazisində qarşı tərəfdən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımın həyata keçirilməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi, yüzlərlə tarixi-mədəni abidələrlə bərabər, məscid, ziyarətgahların dağıdılması və heyvanlar saxlanılmaqla dini dəyərlərin təhqir edilməsi, həmçinin ölkəmizin xristianlığa aid irsinin – Azərbaycan Respublikasının alban-udi Xristian dini icmasının varisi olduğu Qafqaz Albaniyasının Alban Apostol kilsəsinin, eləcə də pravoslav xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya məhv edilməsi faktı məqsədli şəkildə göstərilmir. Ümumiyyətlə, Azərbaycanın dini-mədəni irsinin məruz qaldığı vandalizm aktları barədə heç bir qeydə rast gəlmək mümkün deyil.

Dövlət Komitəsinin bəyanatında işğal dövründə erməni vandalları tərəfindən ümumilikdə təqribən 900-dən çox qəbiristanlığın tamamilə dağıdılaraq yerlə-yeksan edilməsinə, qəbir daşlarının sındırılmasına, məzarların qazılaraq cəsədlərin çıxarılmasına, təhqir olunmasına, qəbirüstü abidələrin talan edilməsinə, Azərbaycan vətəndaşlarının 30 il ərzində öz yaxınlarının məzarlarını ziyarətdən məhrum edilməsinə diqqət yönəldilib.

Etiraz bəyanatında 44 günlük Vətən müharibəsi müddətində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməməsi xarici jurnalistlərin belə dəfələrlə təsdiqlədiyi fakt kimi bir daha diqqətə çatdırılıb. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa edilməsinin bəyan edilməsi, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesinin başlandığı öz əksini tapıb. Habelə Azərbaycan tərəfindən bütün ölkə miqyasında olduğu kimi, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin Azərbaycan irsinə məxsusluğu və onların qorunmasının, Azərbaycan dövlətinin öhdəliyində olmasının müxtəlif kürsülərdən ən yüksək səviyyədə dəfələrlə bildirildiyi qeyd edilib.

Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymaması, əksinə müxtəlif mədəniyyətlərə və dinlərə hörmət nümayiş etdirməsi, bütün dini nümunələri milli-mənəvi dəyərlərinin bir parçası kimi qəbul etməsinin bariz göstəricisi kimi vurğulanıb.

Qeyd edilənlərlə bərabər, Azərbaycanın Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmədiyi və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqliyi, qarşı tərəfin isə əksinə, Konvensiya ilə bərabər “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və sair beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozduğu ifadə edilib.

Bəyanatda 2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Avropa İttifaqına (Aİ) sədrliyi qismində Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edilməsi Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqi olduğu bildirilib, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə nədənsə bu məsələyə, ümumiyyətlə, toxunulmaması təəssüflə qarşılanıb.

Sonda Dövlət Komitəsi Avropa Parlamentinin erməni mənbələrinə əsaslanan qərəzli məlumatlar yaymaq cəhdini bir daha şiddətlə qınayaraq sözügedən qurumu gələcəkdə obyektiv qətnamələrin qəbuluna çağırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin