“Aşxabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Türkmənistan illərdir neytral xarici siyasət həyata keçirir. Bu Hindistanın da maraqlarına uyğundur. Çünki ətraf ölkələr Çinlə əməkdaşlıqlarını strareji səviyyəyə qaldırdıqda bu Dehlinin narahatlığına səbəb olur”.
Metbuat.az xəbər verir ki, bu şərhi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu edib. Onun açıqlamasına görə, Dehlidə hesab edirlər ki, Pekin qonşu ölkələrlə strareji əməkdaşlıqdan Hindistana qarşı istifadə edə bilər. Sadəcə, problem ondadır ki, Çin Mərkəzi Asiya ölkələrinə gərəkli yatırımlar və ortaq layihələr təklif edir.
“Hindistan bu sahədə Çindən geri qalır. Ancaq Dehli son illər Pekindən bu geriləməni azaltmağa çalışır. Misal üçün Aşxabadda İran üzərindən Türkmənbaşı (Türkmənistan) – Çabahar (Hindistan) limanları arasında əlaqənin qurulması və bu istqimaətdə ticarətin artırılması yolları müzakirə olunub. Hindistan şimal-cənub layihəsinə qoşularaq Türkmənbaşı limanından istifadə etməyi planlaşdırır. Aşxabadda Türkmənistan-Əfqanıstan–Pakistan-Hindistan boru xəttinin tikintisi də müzakirə olunub. İqtisadiyyatı böyüyən Hindistanın əlavə qaza ehtiyacı var. Bu boru xətti tikillərsə Türkmənistanın Rusiya və Çinlə yanaşı Hindistana da birbaşa qaz nəql edə biləcək. Bu boru xəttinin istifadəyə verilməsi bölgədə gərginliyin azalmasına da müsbət təsiri olacaq. Əfqanıstan tranzit ölkəyə çevrilməklə boru xəttindən gərəkli maliyyə əldə edəcək, Pakistanla Hindistan arasındakı münasibətlərdə əməkdaşlıq artacaq”.
Elxan Şahinoğlu bildirdi ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti ilə ildə 33 milyard kubametr qazın nəqli nəzərdə tutulub. Boru xətti Əfqanıstanın Gerat və Kandahar, Pakistanın Kvetti və Multan şəhərlərindən keçərək Hindistanın Fazilka şəhərinə qədər uzanacaq. Analitikin şərhinə görə,Türkmənistan öz ərazisində lazımi çalışmaları yekunlaşdırıb, Əfqanıstan ərazisində ləngimə var.
“Hindistan prezidenti boru xəttiylə bağlı texniki məsələlərin ekspertlər səviyyəsində müzakirəsini təklif edib. Əslində bu məsələdə Azərbaycanın təxrübəsindən istifadə oluna bilər. Rəsmi Bakı Avropaya uzanan TAP boru xəttiylə bağlı bir neçə il əvvəl Cənub Qaz Dəhlizi Məşvərət Şurasını təsis etdi. Boru xəttinin tikintisi və ondan sonrakı dövrdə hər il Bakıda boru xəttinin keçdiyi ölkələrin enerji nazirləri bir araya gələrək qazın nəqliylə bağlı məsələləri, o cümlədən nəqlin artırılması imkanları müzakirə etdilər. Bu ilin fevralın 22-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti çərçivəsində də boru xəttinin keçdiyi ölkələrin oxşar Məşvərət Şurasının yaradılmasına ehtiyac var. Bu boru xəttinin keçdiyi ölkələr arasında siyasi dialoqun inkişafına da təkan verə bilər” deyə politoloq fikrini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.