İmran xan niyə hədəf seçildi? – Pakistanda baş verənlər regional geosiyasətə təsir göstərə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Pakistan Milli Assambleyası baş nazir İmran Xana etimadsızlıq göstərdi, hökumət istefaya göndərildi. Hökumət başçısı vəzifəsinə yeganə namizəd Şahbaz Şərif 174 deputatın səsi əsasında Pakistanın yeni baş naziri seçildi.
Bəs Pakistanın siyasi həyatında baş verən bu dəyişiklik nədən qaynaqlanır və regional geosiyasətə necə təsir göstərəcək?
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən politoloq Nurlan Qələndərli bildirdi ki, İmran Xan baş verənlərə görə ABŞ-ı ittiham etmişdi. Səsləndirdiyi fikirlərin məğzini “Vaşinqton məni devirmək istəyir” təşkil edirdi. Analitikin açıqlamasına görə, Avrasiyada geosiyasi qarşıdurmanın pik həddə çatdığı şəraitdə ABŞ-ın bu həmləsi təsadüfi xarakter daşımır:
“İlk növbədə, yenidən yüksəlişə keçmək istəyən, aparıcı güc mərkəzləri arasında yer almağa çalışan Pakistanın müstəqil siyasət yürütməsi çoxqütblü beynəlxalq nizamın yaranması tərəfdarı olmayan ABŞ tərəfindən müsbət qarşılanmadı. Vaşinqton müxtəlif vasitələrlə bu ölkəyə təzyiq göstərməyə çalışsa da, İmran Xan Pakistanın öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan etdi. İstanbul-Tehran-İslamabad dəmir yolunun açılmasında fəallıq nümayiş etdirməsi, Birləşmiş Ştatlara Əfqanıstanda əməliyyat keçirməsi üçün öz ərazisindən istifadəyə icazə verməməsi və digər bir sıra amillər İmran Xanın Ağ Evin “qara siyahı”sına düşməsinə səbəb oldu. Beləliklə, Vaşinqton-İslamabad geosiyasi xəttində gərginlik Ağ Evi “B” planını həyata keçirmək üçün səfərbər etdi”.
Politoloq deyir ki, Pakistan xarici siyasət kursunda digər bir sıra güc mərkəzləri ilə yanaşı, Rusiya ilə də münasibətlərin inkişaf etdirilməsi kursunu seçmişdi. Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevralda İmran Xanın Moskvaya getməsi Qərb mətbuatında ciddi tənqid edilmişdi. N. Qələndərli onu da vurğuladı ki, öncədən də deiyildiyi kimi Ağ Ev avropalı müttəfiqləri ilə ortaq mövqedən çıxış edərək İslamabadın Moskva ilə yaxınlığını bağışlamayacaq. Görünən odur ki, Vaşinqton regionda geosiyasi ətrafını möhkəmləndirmək üçün Pakistanda hakimiyyət dəyişikliyi ssenarisi hazırladı və tətbiq etdi.
“İmran Xanın hakimiyyətdən getməsinə növbəti səbəb kimi, Birləşmiş Ştatların Asiyada mövqelərin möhkəmləndirilməsi planını göstərmək olar. Məlumdur ki, ABŞ Əfqanıstandan çıxmaq qərarının icrasına başlayarkən paralel olaraq Talibanın önünü açdı. Yəni hərbi-siyasi nəzarət Vaşinqtonun kontrolunda Talibana verildi. Bu addım, eyni zamanda, Çinin sərhədlərində yeni regional gərginlik mənbəyinin yaradılması demək idi. Bu, həm də “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərində potensial risk toxumlarının səpilməsi üçün edildi. Digər amil – Pakistan Taliban üzərində mühüm təsir mexanizmlərinə malikdir. Birləşmiş Ştatların yanaşmasına görə, İslamabadın Vaşinqtonla paralel hərəkət etməli, Ağ Evin geosiyasi istəklərini – təkliflərini geri çevirməməlidir. İmran Xan isə ABŞ-ın bu mövqeyini bölüşmədiyinə görə hədəfə çevrildi. Ona görə də Vaşinqton planlarının qarşısını kəsən siyasi fiquru zərirsizləşdirmək yolu seçdi”.
Nurlan Qələndərli qeyd etdi ki, Pakistanda baş vermiş dəyişiklik regional geosiyasətə ciddi təsir göstərə bilər. Bu, daha çox 4 amildən asılı olacaqdır.
“Birinci amil Pakistanın strateji seçimlərinin necə olacağı ilə bağlıdır. İkinci məqam Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış situasiya, Çinin geoiqtisadi fəallığı və ən nəhayər dördüncü amil isə Vaşinqton-İslamabad geosiyasi xəttində təmasların hansı səpkidə olması ilə bağlıdır” deyə politoloq mövzu ilə bağlı fikirlərini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / METBUAT.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.